İşğaldan azad olunmuş rayonlarımızda təbii sərvətlərimiz ermənilər tərəfindən amansızcasına talan edilib

İşğaldan azad olunmuş rayonlarımızda təbii sərvətlərimiz ermənilər tərəfindən amansızcasına talan edilib Botanika İnstitutunda Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan onlayn tədbir keçirilib.
Elmi müəssisənin direktoru, akademik Validə Əlizadə kollektivi Qələbə münasibətilə təbrik edib. Akademik bildirib ki, bu Qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandanın güclü siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə qüdrətli ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Akademik işğaldan azad olunmuş rayonlarımızda təbii sərvətlərimizin ermənilər tərəfindən amansızcasına talan edildiyini diqqətə çatdırıb, bu ərazilərdə bitki müxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin planlaşdırılmasının vacibliyini vurğulayıb. Sonda V.Əlizadə institutun kollektivi adından Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyib.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov Qələbə münasibətilə hər kəsi təbrik edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində 30 ilin həsrətinə son qoyaraq Ermənistanı diz çökməyə və kapitulyasiyaya məcbur etdi. İgid oğulların canı bahasına əldə olunan tarixi qələbəmiz xalqımızın yaddaşında əbədi həkk olunacaq.
Digər çıxış edənlər böyük sevinc və qürur hissi ilə Müzəffər Ali Baş Komandan başda olmaqla tarixi Qələbəni bizə yaşadan qüdrətli ordumuza sonsuz təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, Vətən müharibəsində əldə olunan Qələbə dünyaya Azərbaycanın siyasi və hərbi gücünü sübut etdi.
Tədbirdə “Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş olunub.
Sonda institutun kollektivi adından ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanlanmış müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər