Azərbaycan alimləri beynəlxalq türk dili və ədəbiyyatı qurultayında iştirak ediblər

Azərbaycan alimləri beynəlxalq türk dili və ədəbiyyatı qurultayında iştirak ediblər İstanbulda keçirilən beynəlxalq türk dili və ədəbiyyatı qurultayında AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Professor Nadir Məmmədli “Atatürkün konsepsiyasının ideoloqu - İsmayıl Hikmət” mövzusunda məruzə ilə çıxış edib.
Nadir Məmmədli məruzəsində bildirib ki, XX əsrin 20-ci illərinin sonlarınadək türk ziyalılarının, müəllim və alimlərinin gördüyü mühüm işlər, xüsusilə İsmayıl Hikmətin dördcildlik “Türk ədəbiyyatı tarixi”, ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarının, türk ədəbiyyatı tarixinə və nəzəri məsələlərinə dair tədqiqatlarının Azərbaycanda geniş yayılması bütövlükdə ədəbi mühitdə türkçülük konsepsiyasının ədəbi-mədəni inkişafı haqqında elmi təsəvvür yaratdı. O, milli ədəbiyyatları ümumtürk kökündən ayırmağın mümkünsüzlüyunu sübut etdi, türk mənşəli xalqların ədəbiyyatını qarşılıqlı əlaqədə araşdırmaqla yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna rol oynadı, onlara son dərəcə ciddi təsir göstərə bildi.
Bundan başqa, akademik Möhsün Nağısoylu, Bakı Slavyan Universiteti Türkologiya kafedrasının müdiri dosent Gülnarə Əliyeva, professor Bədirxan Əhmədli, dosent Cavidə Məmmədova və Nizami Vəliyev müxtəlif mövzularda məruzə ediblər.
Qurultayda Azərbaycanla yanaşı, Macarıstan, Özbəkistan, Albaniya və Qazaxıstandan alimlər iştirak ediblər.
Qurultay çərçivəsində “Cümhuriyyət dövrü karikaturalarında ədəbiyyatçılarımız və ədəbiyyatımız” sərgisi təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər