Danimarkada “Quran”ı təhqir edənlər həbs olunacaq

Danimarkada “Quran”ı təhqir edənlər həbs olunacaq Bu ilin iyulunda Danimarkada baş vermiş “Qurani-Kərim”in yandırılması hadisəsindən sonra İraq və digər İslam ölkələrində keçirilən etiraz nümayişləri rəsmi Kopenhageni hərəkətə keçirib.
Danimarka hökumətinin gərginliyin milli təhlükəsizliyə təhdid yaratdığını bəyan etməsindən sonra bu məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılıb.
Danimarka parlamentinin bəyanatında qeyd olunub ki, bu gün müzakirə edilən qanun layihəsinin məqsədi dini icmalar üçün təhqiredici əməlləri törədən şəxsləri cinayət məsuliyyətinə cəlb etməkdir. Parlamentin bu qanunu qəbul edəcəyi təqdirdə cinayətkarları iki ilə qədər həbs cəzası gözləyir.
Danimarka polisinin məlumatına görə, bu il iyulun 21-dən oktyabrın 24-dək bu ölkədə 483 müqəddəs kitab və ya bayraqları yandırma hadisəsi qeydə alınıb. İlk variantı avqustun sonunda elan edilən qanun layihəsində ifadə azadlığının məhdudlaşdırılması və icrasının çətin olacağı ilə bağlı tənqidlərdən sonra bəzi düzəlişlər edilib. Danimarka Ədliyyə Nazirliyinin oktyabrın sonunda verdiyi bəyanatda deyilir: "Qanun layihəsində dini əhəmiyyət kəsb edən müqəddəs kitablara düzgün münasibət göstərməyənlərə qarşı sərt cəza tədbirləri nəzərdə tutulub”. Bundan əvvəl isə cinayət məsuliyyəti yalnız ibadət məkanlarına aid edilirdi.

Tehsil-press.az



Oxşar xəbərlər