ADMİU-nun dosenti “Creative Producers 2023” mükafatına layiq görülüb

ADMİU-nun dosenti “Creative Producers 2023” mükafatına layiq görülüb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov “British Council” və “Curated Place”in təsis etdiyi “Creative Producers 2023” mükafatına layiq görülüb.
Elçin Cəfərov “British Council” tərəfindən həyata keçirilən “Creative Producers 2023” layihəsində iştirak edib.
İncəsənət sahəsində yeni layihələri, komandaları və kreativ sənayeni beynəlxalq səviyyədə dəstəkləmək, birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə həyata keçirilən proqramda E.Cəfərov “Katalizator” ArtsHub layihəsi ilə iştirak edib. Layihənin müxtəlif mərhələlərindən uğurla keçən iştirakçılar əvvəlcə Serbiyanın paytaxtı Belqrad şəhərində beşgünlük təlimlərə qatılıblar.
Proqramın final mərhələsinin qalibi kimi, E.Cəfərov Böyük Britaniyanın Mançester və Liverpul şəhərlərinə səfər edib. Böyük Britaniyanın incəsənət mərkəzi kimi tanınan iki böyük şəhərin müasir mədəni həyatında mühüm rol oynayan qurumlar, məkanlar, tədbirlər və sənətçilərlə tanışlıq proqram iştirakçılarına Böyük Britaniya təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
Proqramın nəticəsi olaraq, layihə iştirakçıları arasında kiçik qrant müsabiqəsi keçirilib. Bu günlərdə müsabiqənin rəsmi nəticələri açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən olan 7 iştirakçının “Creative Producers” proqramı çərçivəsində təqdim etdiyi layihələrə “British Council” tərəfindən dəstək veriləcək. Nəticələrə əsasən, qaliblər arasında ADMU-nun dosenti Elçin Cəfərov da var. Onun “Katalizator” ArtsHub platformasının ilk layihəsi “Müasir Böyük Britaniya dramaturgiyası: tanıma” adlanır. Azərbaycanda müasir Britaniya dramaturgiyası haqqında təsəvvür yaradılması məqsədi daşıyan layihə çərçivəsində Tom Stoppard, Harold Pinter, Saymon Stefens, Qreqory Burke, Sarah Kane, Mark Ravenhill, Martin Makdonah, Peter Şaffer kimi britaniyalı dramaturqların yaradıcılığına həsr olunmuş seminar və pyeslərin teatrlaşdırılmış oxunuşları keçiriləcək. Layihənin yekununda müasir Britaniya dramaturgiyasına həsr olunmuş tədqiqat əsərinin nəşri nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər