ADMİU-nun nümayəndələri təhsildə keyfiyyət təminatı ilə bağlı beynəlxalq forumda iştirak ediblər

ADMİU-nun nümayəndələri təhsildə keyfiyyət təminatı ilə bağlı beynəlxalq forumda iştirak ediblər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri professor Validə Məmmədova və Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini dosent Elçin Cəfərov Astanada Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən Təhsildə Keyfiyyət Təminatı VII Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak ediblər.
Beynəlxalq tədbir “Təhsildə davamlı gələcək - keyfiyyət və rəqabətqabiliyyətlilik: tarixi perspektiv, reallıqlar və prioritetlər” mövzusuna həsr olunub.
İki gün davam edən beynəlxalq tədbirdə “Təhsilin davamlı gələcəyi - keyfiyyət və rəqabətlilik: reallıqlar və prioritetlər”, “Təhsil sisteminin inkişafında qlobal dəyişikliklər və trendlər”, “Rəqəmsal transformasiya kontekstində elm, təhsil modeli və texnologiyalarının inkişafı”, “Tibb təhsilində keyfiyyət təminatı: elm və təcrübənin inteqrasiyası” və digər mövzular müzakirə olunub.
Validə Məmmədova forum çərçivəsində “Təhsil sisteminin inkişafında qlobal dəyişikliklər və trendlər”, Elçin Cəfərov isə “Təhsildə davamlı gələcək - keyfiyyət və rəqabətqabiliyyətlilik: tarixi perspektiv, reallıqlar və prioritetlər” mövzusunda panel müzakirələrə qatılıb.
Müzakirə iştirakçıları tərəfindən müasir ali təhsil ocaqlarına investorların cəlb edilməsinin zəruriliyi, tədris proqramlarının yaşadığımız dövr üçün deyil, məhz gələcək üçün tərtibinin vacibliyi, tədris proqramı hazırlığında maraqlı tərəflərin gözardı edilməməsi, əksər ölkələrdə sənayenin təhsili qabaqlaması səbəbindən sosial problemlərin yaranması, XXI əsrdə texniki ixtisas proqramlarının yalnız 2-5 il ərzində tələblərə cavab verməsi, 2050-ci ilə qədər rəqəmsallaşma nəticəsində mövcud ixtisaslardan təxminən yarısının faydalılığını itirəcəyi qənaətinə gəlinib.
Beynəlxalq forumda Türkiyə, Qazaxıstan, Belçika, Hindistan, Malayziya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və digər ölkələrin ali təhsil müəssisələrinin, müvafiq nazirliklərin rəhbər heyəti və məsul əməkdaşları təmsil olunublar. Forum çərçivəsində, həmçinin ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri dosent Şirinbəy Əliyev, mütəxəssis Əli Hacılı onlayn qaydada təlimlərə qatılıblar.
Forumun sonunda ADMİU-nun əməkdaşları sertifikata layiq görülüblər.
Tədbirdən sonra Validə Məmmədova və Elçin Cəfərov Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin rəhbər heyəti ilə görüşüb və cari ildə nəzərdə tutulan ADMİU-nun beynəlxalq proqram akkreditasiyası ilə bağlı müzakirə aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər