Polimer Materialları İnstitutunda COP29-a həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda COP29-a həsr olunan tədbir keçirilib 24 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Qadınlar Şurasının COP29-a həsr olunan iclası keçirilib. Tədbiri institutun Qadınlar Şurasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova açıb.

İclasda Biomimetik polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayevanın COP29 haqqında çıxışı dinlənilib. Məruzəçi COP-un (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradıldığını, hər il keçirilən konfransa rəhbərlik və ev sahibliyinin BMT-nin 5 regional qrupunu təmsil edən 198 ölkənin səsverməsi ilə seçildiyini bildirib.

Alim COP29 konfransına bu il Azərbaycanın ev sahibliyi etməsinin mühüm hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Çıxışında COP29-un ölkəmiz üçün əhəmiyyəti haqqında məlumat verən alim iqlim dəyişmələri, hidrometeorologiyanın aktual problemləri, iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin ekoloji problemlərinin həll yollları, Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirindən söhbət açıb.

Sonda Sevil Maşayeva verilən sualları cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər