Naxçıvan Dövlət Universitetində Türkiyə Radio və Televiziya Ali Şurasının 2009-cu ildən təşkil etdiyi ənənəvi "Gələcəklə ünsiyyət" 14-cü beynəlxalq konfransı təşkil olunub

Naxçıvan Dövlət Universitetində Türkiyə Radio və Televiziya Ali Şurasının 2009-cu ildən təşkil etdiyi ənənəvi Bu münasibətlə keçirilən tədbirdən əvvəl qonaqlarla görüşən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyə Radio və Televiziya kanallarının muxtar respublikada geniş izləyici kütləsinin olduğunu bildirərək qardaş ölkə mediasının fəaliyyətini yüksək qiymətləndirib.

Türkiyə Radio və Televiziya Ali Şurası sədrinin müavini Orxan Karadaş qardaş ölkədə fəaliyyət göstərən radio və televiziya kanallarının yayımlarına nəzarət edən ictimai qurumun məqsədi haqqında məlumat verib. Qarşılıqlı fikir mübadiləsi ilə keçən görüşün sonunda türkiyəli qonaq Elbrus İsayevə plaket təqdim edib.

"Gələcəklə ünsiyyət" beynəlxalq konfransının əvvəlində hər iki ölkənin ulu öndərləri Mustafa Kamal Atatürkün və Ümummilli Lideri Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq konfrasın qədim Naxçıvan torpağında keçirilməsinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Şərqin qapısı adlandırılan muxtar respublika, türk dünyası üçün birləşdirici nöqtədir. Rektor Muxtar Respublikanın 100-cü, Türkiyə Cumhuriyyətinin 101-ci ildönümündə belə mötəbər tədbirin təşkilini yüksək qiymətləndirib. Bildirilib ki, Jurnalistika ixtisasında təhsil alan tələbələr və bu sahədə araşdırma aparan tədqiqatçılar üçün konfrans ideal platformadır. Natiq çıxışında Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib və bu birliyin bütün sahələrdə olduğu kimi, elm-təhsil, eləcə də media sahəsində yüksələn inkişaf dinamikasında olduğunu bildirib. Vurğulanıb ki, hazırda Naxçıvan Dövlət Universitetində çox sayda türkiyəli tələbə təhsil alır, həmçinin bu ölkənin ən qabaqcıl universitetləri ilə geniş əlaqələr qurulub. Bundan başqa yeni tədris ilindən, qardaş ölkənin nüfuzlu universitetlərindən professorların, NDU-da mütəmadi olaraq tədris prosesində iştirakının təmin edildiyi qeyd olunub .

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov bildirib ki, hazırda Türkyənin müxtəlif universitetlərində 35 mindən çox azərbaycanlı tələbə təhsil alır. Vurğulanıb ki, Türkiyə Radio və Televiziya Ali Şurasının təşkil etdiyi bu konfrans Azərbaycan univeristetlərinin beynəlxalq səviyyədə əlaqələrinin artırılmasına önəmli töhfədir.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova çıxışında proqramın Naxçıvanda təşkil olunmasının bölgənin gələcəyi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Naxçıvanın 100 illik tarixinə nəzər salıb. Hər iki ölkə arasında möhkəm bağların olduğunu dilə gətirən Asip Kaya bu əlaqələrin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən mühüm əhəmiyyətli tədbirlərdən ətraflı bəhs edib. Konsul həmçinin çıxışında rəqəmsal medianın üstünlüklərindən, bu sahədə yaranan bəzi çətinliklərdən danışıb.

Türkiyə Radio və Televiziya Ali Şurası sədrinin müavini Orxan Karadaş 14-cü “Gələcəklə ünsiyyət” konfransının Naxçıvanda təşkil olunmasının vacibliyini qeyd edib. Mustafa Kamal Atatürkün Naxçıvanın Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu və qorunmasının vacibliyini nəzərə alaraq dediyi: “Naxçıvan Türkün qapısıdır. Bu xüsusiyyəti nəzərə alaraq əlinizdən gələni edin” sözlərini iştirakçıların diqqətinə çatdırıb. Konfransın builki mövzusunun “Ənənəvi rəqəmsal medya üsullarında dəyişim” olduğunu bildirən türkiyəli qonaq qlobal dünyada rəqəmsal medyanın gücü və bu gücdən düzgün istifadə olunmasının vacibliyini qeyd edib. Konfransın Naxçıvandan sonra Qarsda, Sarıqamışda və İğdırda da təşkil olunacağı diqqətə çatdırılıb.

Sonra 15 ölkədən 26 tələbənin hazırladığı “Ənənəvi rəqəmsal medya üsullarında dəyişim” mövzusunda təqdimatlar olub. Rəqəmsal mediada islamofobiya, Ənənəvi medianın rəqəmsal transformasiyası, Tatarıstanda yayımlanan türk serialları və onların təsirləri, Mərkəzi Asiyada rəqəmsal mediadan istifadə, Mediada vizual dilin təkamülü həmçinin Ənənəvi radionun rəqəmsal çevrilməsi, Rəqəmsal əsrdə media savadlılığı: problemlər və həllər və bir sıra mövzularda hazırlanan təqdimatlar konfrans iştirakçılarının marağına səbəb olub.

Konfransda qarşılıqlı plaketlər və hədiyyələr təqdim olunub. Həmçinin iştirakçı tələbə-gənclərə Naxçıvan Dövlət Universitetinin hədiyyələri verilib.
Sonda konfrans iştirakçıları xatirə fotosu çəkdiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər