
Rusiyalı həkim-teleaparıcı Aleksandr Myasnikov maraqlı açıqlama verib. O bildirib ki, aspirin dünyada ən təhlükəli dərmandır və bu gün bir çox ölkələr xüsusi hallar istisna olmaqla, onun təyinatını dayandırıb.
Myasnikovun sözlərinə görə, qan durulaşdırıcı xüsusiyyəti səbəbilə dərman qızdırma salan kimi istifadə edildikdə ölümcül ola bilər. Eyni zamanda aspirindən ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunmaqda davam edir. Klassik preparatlardan olan və azad satışda olan aspirin sağlamlıq üçün bu qədərmi təhlükəli ola bilər? Azərbaycanda da onun istifadəsi dayandırıla bilərmi?
Aspirin - uzun illərdir istifadə olunan klassik dərmanlardan biridir və bir çox ölkədə satışdadır.
Aspirinin istifadəsi ilə bağlı təhlükəli hal Rey sindromudur. Bu sindrom əsasən uşaqlarda və yeniyetmələrdə müşahidə olunur. Bu vəziyyət qaraciyərin və beynin zədələnməsi ilə nəticələnə bilər və ölümcül ola bilər. Məhz buna görə bir çox ölkədə uşaqlara aspirin verilməsi qadağan olunub və ya ciddi şəkildə məhdudlaşdırılıb. Bəzi insanlar aspirinə qarşı allergik ola bilər. Bu zaman səpgilər, nəfəs almaqda çətinlik və hətta ağır allergik reaksiya olan anafilaktik şok da baş verə bilər. Bu da aspirinin hər kəs üçün uyğun olmadığını göstərir.
Aspirin rəsmi olaraq bir çox ölkədə tam şəkildə qadağan olunmasa da, bəzi yaş qruplarında istifadəsi məhdudlaşdırılıb. Məsələn, Böyük Britaniyada və ABŞ-də 16 yaşdan aşağı şəxslərə aspirin verilməsi tövsiyə edilmir. Kanada, Avstraliya və Avropa ölkələrinin bir qismində də oxşar məhdudiyyətlər mövcuddur. Bu tədbirlər əsasən Rey sindromu riskinə qarşı yönəlib.
Nəticə etibarilə, aspirin faydalı və təsirli bir dərman olsa da, onun istifadəsi hər kəs üçün uyğun deyil. Xüsusilə uzun müddət istifadə edilməsi və ya xüsusi sağlamlıq problemləri olan şəxslərdə ciddi risklər yarada bilər. Ona görə də aspirini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Özbaşına və daimi istifadədən qaçmaq sağlamlıq baxımından daha doğrudur.
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı fikrini bölüşüb: “Aspirin ümumilikdə əhali arasında populyar olan bir dərmandır. Hələ sovet dövründən insanların böyük bir qismi onu qızdırma salan dərman kimi istifadə etməyə başlayıblar. Lakin bu, doğru yanaşma deyil. Ümumiyyətlə, bu dərmandan həm ağrıkəsici, həm qızdırma salıcı, həm də qan durulducu kimi istifadə edirlər. Amma əslində aspirin daha çox qan durulducu olaraq təyinat almalıdır. Çünki bu dərmanın bir sıra yan təsirləri mövcuddur”.
Həkim qeyd edir ki, yan təsirlər əsasən mədə-bağırsaq sisteminə təsir edir: “Mədədə eroziya, aşınma kimi hallar yarada bilər. Əgər xəstədə qastrit varsa, aspirin istifadəsi mədə qanamasına səbəb ola bilər. Həmçinin qaraciyər və ürək çatışmazlığı olan xəstələrdə də ciddi fəsadlara yol aça bilir. Uşaqlarda istifadəsinə xüsusilə diqqət yetirilməlidir. Aspirinlə bağlı ən çox rast gəlinən səhv yanaşma onun davamlı olaraq ağrıkəsici və ya qızdırma salıcı kimi istifadə edilməsidir. Belə hallarda insanlar dərmanı nizamsız və vaxtaşırı istifadəyə meylli olurlar.
Bəzi hallarda aspirin qızdırma salıcı kimi istifadə edildiyindən, insanlar mədə və bağırsaq problemlərinə fikir vermirlər, həmçinin qanın duruluq və qatılıq vəziyyətinə də diqqət yetirmirlər. Qanı artıq dərəcədə durulan şəxslərdə isə bu, ciddi qanaxma ilə nəticələnə bilər.
Əgər mədədə hər hansı bir eroziya, yara və ya qastrit varsa, bu dərman həmin şəxslərdə ciddi mədə və bağırsaq pozuntularına, həmçinin qaraciyər problemlərinə səbəb ola bilər. Ən vacibi isə odur ki, aspirin uşaqlarda bu məqsədlərlə istifadə olunmamalıdır - bu, yolverilməzdir".
Zülfüqar Yusifova görə, bu dərman apteklərdə rəsmi satışda olan bir vasitədir, lakin onun istifadəsi yalnız həkim təyinatı ilə və dəqiq dozada aparılmalıdır: “Ümumiyyətlə, bir sıra dərmanlar var ki, onlardan istifadədə yanlış yanaşmalar mövcuddur. Məsələn, dünyada "ağrıkəsici" kimi tanınan parasetamol bizdə əsasən qızdırma salıcı kimi istifadə olunur və insanlar onu nizamsız şəkildə qəbul edirlər. Bilmək lazımdır ki, hər bir dərmanın müxtəlif orqan və sistemlərə seçici təsiri var. Hansı dərmanın seçilməsi isə xəstənin konkret vəziyyətindən, yanaşı xəstəliklərindən, digər qəbul etdiyi dərmanlardan və yaş xüsusiyyətlərindən asılıdır. Yəni “bu dərman qızdırmanı salır”, “bu dərman qanı duruldur” yanaşması doğru deyil. Çünki dərmanların həm orqanlara yan təsirləri, həm də digər dərmanlarla birgə istifadə imkanları müxtəlif ola bilər. Bu isə hər bir insanın fərdi xüsusiyyətlərinə əsasən qiymətləndirilməlidir".
Tehsil-press.az