ÇİN HƏRBİ PARADININ ƏKS SƏDASI

ÇİN HƏRBİ PARADININ ƏKS SƏDASI Dünyada baş verən geosiyasi proseslər yeni dünya düzəninin təməlini qoyur və bu kontekstdə aparıcı beynəlxalq güclərin atdığı addımlar diqqətlə izlənilir. Çində keçirilən möhtəşəm hərbi parad və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti beynəlxalq münasibətlərdə yeni güc balansının formalaşmasına dair mühüm mesajlar verdi. Pekində İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi münasibətilə keçirilən hərbi parad, əslində, yalnız tarixi yaddaşı yada salmaq məqsədi daşımırdı. Bu parad yeni geosiyasi reallığın təsdiqi kimi səciyyələndirilə bilər. Çinin hərbi qüdrətini nümayiş etdirməsi, ən müasir və çox vaxt sirr saxlanılan strateji silahlarını dünya ictimaiyyətinə göstərməsi təsadüfi deyildi. Parad zamanı təqdim olunan hipersəs raketləri, nüvə triadasının əsas elementləri və müasir pilotsuz sistemlər, həm Çinin müdafiə doktrinasının dəyişdiyini, həm də ölkənin qlobal miqyasda yeni güc mərkəzi kimi mövqelərini möhkəmləndirmək istədiyini göstərdi. Bu parad həmçinin beynəlxalq diplomatiya üçün də diqqətəlayiq idi. İlk dəfə olaraq Şimali Koreya lideri Kim Çen In bu miqyasda beynəlxalq tədbirdə iştirak etdi. Bu, həm Pxenyanın beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyduğunu göstərdi, həm də Çin - Rusiya - Koreya üçbucağının siyasi çəkisinin artdığını nümayiş etdirdi.

Paraddan əvvəl keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti isə yeni dünya düzənində bu qurumun xüsusi rol oynamağa hazır olduğunu göstərdi. Bir zamanlar yalnız “Şanxay beşliyi” kimi formalaşan bu təşkilat, bu gün artıq Avrasiya məkanının 65 faizini, 3 milyarddan artıq əhalini əhatə edən ən iri regional platformalardan biridir. Sammitdə səsləndirilən fikirlər, xüsusilə də Si Cinpinin yeni qlobal idarəçilik təşəbbüsü, beynəlxalq münasibətlərdə Qərb mərkəzçiliyinə alternativ modelin axtarıldığını göstərdi. Maraqlıdır ki, sammitdə həm Ermənistan, həm də Azərbaycan tamhüquqlu üzv olmaq üçün müraciət etdilər. Lakin proses mürəkkəb geosiyasi münasibətlər fonunda gedir: Hindistan Azərbaycanın, Pakistan isə Ermənistanın müraciətinə etiraz etdi. Bu, əslində, təşkilat daxilində də maraqların toqquşduğunu, amma eyni zamanda, Cənubi Qafqaz ölkələrinin ŞƏT platformasına marağının artdığını nümayiş etdirir.

ŞƏT-in yaranma tarixinə nəzər salsaq, bu təşkilatın sadəcə sərhəd mübahisələrinin həlli üçün qurulmadığını, zamanla geosiyasi güc mərkəzinə çevrildiyini görürük. İlk mərhələdə Çin, Rusiya və Mərkəzi Asiya respublikaları arasında əməkdaşlıq mexanizmi kimi formalaşan qurum, artıq Hindistan, Pakistan, İran və Belarusun da iştirakı ilə Avrasiya məkanında strateji aktora çevrilib. Bu proses Azərbaycanın da diqqətindən yayınmır. Rəsmi Bakı təşkilatın əməkdaşlıq imkanlarını həm iqtisadi, həm də təhlükəsizlik baxımından dəyərləndirir. Ən önəmlisi isə budur ki, ŞƏT-in son sammitində dövlət başçıları yeni beynəlxalq düzənin ədalətli əsaslar üzərində qurulmasına dair ortaq mövqe nümayiş etdirdilər. Bu, beynəlxalq hüququn əsas prinsiplərinə - dövlətlərin suverenliyi, bərabərliyi, daxili işlərinə qarışmama prinsipinə - söykənən bir çağırış idi.

Çinin hərbi paradı və ardınca keçirilən ŞƏT sammiti yalnız güc nümayişi və diplomatik mərasim kimi deyil, həm də beynəlxalq hüququn əsas prinsiplərinə yeni baxış bucağı ilə qiymətləndirilməlidir. Sammitdə qəbul edilən qərarların mahiyyəti açıq şəkildə göstərdi ki, təşkilat üzvləri suveren bərabərlik, beynəlxalq hüququn aliliyi və BMT-nin nüfuzunun qorunması kimi fundamental prinsiplərə sadiqdirlər. Bununla yanaşı, insan mərkəzli yanaşma və planlaşdırmada kompleks sistemlərin gücləndirilməsi barədə səsləndirilən fikirlər, dünya siyasətində yeni bir idarəçilik modelinə keçidin başlanğıcı kimi qəbul oluna bilər. Qərbin birtərəfli sanksiyalar mexanizminin rədd edilməsi isə ŞƏT-in beynəlxalq münasibətlərdə iqtisadi zorakılığa qarşı açıq mövqeyini nümayiş etdirdi. Təşkilatın inkişaf bankının yaradılması qərarı da iqtisadi əməkdaşlığın institusional əsasda gücləndirilməsinin parlaq nümunəsidir.

Çin üzrə tanınmış ekspertlərin də qeyd etdiyi kimi, Pekində keçirilən parad sırf hərbi nümayiş yox, həm də dərin simvolik məna daşıyırdı. Tiananmen meydanında keçirilən bu mərasim, əslində, Çin Xalq Respublikasının tarixi ilə müasir inkişaf kursunu birləşdirən siyasi mesaj idi. Çünki məhz həmin tribuna 1949-cu ildə Çin Xalq Respublikasının elan edildiyi yer olub və bu məkan Çinin dövlətçilik yaddaşının simvoluna çevrilib. Hər on ildən bir keçirilən bu miqyaslı parad, Çinin həm tarixi yaddaşı dirçəltmək, həm də müasir gücünü göstərmək məqsədini daşıyır.

Əgər əvvəllər Qərb analitikləri Çin silah sənayesinə şübhə ilə yanaşırdılarsa, bu dəfə təqdim olunan texnologiyalar tamamilə yerli istehsalın məhsulu idi. Paradda “Cuylanq-3” (JL-3 (Julang-3) Submarine-Launched Intercontinental Ballistic Missile (SLBM)) sualtı gəmidə quraşdırılmış qitələrarası raket və “Dunqfen-61” (DF-61 (Dongfeng-61) Land-Based Intercontinental Ballistic Missile (ICBM)) və “Dunqfen-31” quruda quraşdırılmış qitələrarası raketlər nümayiş etdirildi. Bundan əlavə parad zamanı “Dunqfen-5C” (DF-5C (Dongfeng-5C) Intercontinental Strategic Nuclear Ballistic Missile (ICBM)) qitələrarası strateji nüvə raketləri göstərildi ki, hərbi analitiklər hesab edirlər ki, onların zərbə məsafəsi bütün planeti əhatə edir. Həmçinin, “Dunqfen-17” və “Dunqfen-26D” hipersəs ballistik raketləri təqdim edildi. Bu yeniliklərlə yanaşı, Çin Xalq Azadlıq Ordusu “Yinqzi-21” (Yingzi-21, YZ-17, YZ-19, YZ-20 (Yingzi Series) Hypersonic Anti-Ship Missiles )) hipersəs raketlərini də nümayiş etdirdi. Çin özünü yeni tip əməliyyatlar aparmağa hazır olduğunu açıq şəkildə göstərdi və pilotsuz sistemlər sahəsindəki yeniliklərin qismən sirrini açmaqdan da çəkinmədi. Onlar arasında kəşfiyyat və zərbə qabiliyyətinə malik pilotsuz uçuş aparatları (BPLA), gəmi bazalı pilotsuz vertolyotlar və ekipajsız katerlər də var idı. Paradda ənənəvi silah və texnikalarla yanaşı, bir neçə son sistem hava hücumundan müdafiə kompleksləri də nümayiş etdirildi. Xüsusilə diqqət çəkən məqam ordunun istifadəsinə verilmiş ən müasir lazer komplekslərinin təqdim olunması oldu. Bu lazer silahları Çinin müdafiə sənayesində yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, ölkənin hava məkanının müdafiəsi və strateji balansda mövqelərini gücləndirmək niyyətini ortaya qoyur. Ekspertlərin fikrincə, bu tip lazer sistemləri pilotsuz uçuş aparatları, qanadlı raketlər və kiçik ölçülü hava hədəflərinə qarşı operativ və qənaətcil müdafiə vasitəsi hesab olunur. Bununla yanaşı, Çinin belə texnologiyaları açıq şəkildə nümayiş etdirməsi beynəlxalq ictimaiyyətə də mesaj xarakteri daşıyır: ölkə yalnız kütləvi istehsal olunan raket və tank texnologiyaları ilə deyil, həm də yüksək dəqiqlikli və gələcək nəsil silahlarla qlobal hərbi rəqabətdə söz sahibidir.

Paradda nümayiş olunan yeni nəsil silah sistemləri, xüsusilə lazer kompleksləri, radio-şüa aşkarlama və naviqasiya təyyarələri, eləcə də beşinci nəsil “stealth” döyüş təyyarələrinin formasında təqdim edilməsi Qərb və Asiya mətbuatında müxtəlif rakurslardan şərh edildi. Qərb mediası əsasən bu paradı geosiyasi mesaj kontekstində qiymətləndirdi. BBC qeyd etdi ki, Çinin nümayiş etdirdiyi silah arsenalı təkcə müdafiə xarakteri daşımır, əksinə, Tayvana qarşı mümkün desant əməliyyatını təmin etmək üçün “həddindən artıq güclüdür”. Bu isə, BBC-nin vurğuladığı kimi, açıq şəkildə ABŞ və onun Asiya-Sakit okean bölgəsindəki müttəfiqlərinə yönəlmiş çağırış kimi qəbul edilməlidir. The New York Times isə hadisənin simvolik tərəflərinə diqqət çəkdi. Qəzet yazır ki, parad yalnız texnologiya nümayişi deyil, həm də Çinin inqilabi keçmişinə istinad edən ideoloji məna daşıyırdı. Xüsusilə Si Cinpinin Mao Zedun üslubunda hazırlanmış kitel geyinməsi, paradın siyasi ideologiya ilə hərbi modernləşməni birləşdirən xüsusi mesaj olduğunu göstərirdi. Almaniyanın “Der Spiegel” nəşri yazırdı ki, Pekinin hərbi güc nümayişi həm regiondakı balansı, həm də qlobal təhlükəsizlik arxitekturasını dəyişə biləcək siqnallarla müşayiət olunur. Məqalədə vurğulanırdı ki, Çinin lazer kompleksləri və yeni nəsil radar texnologiyaları NATO ölkələrinin gələcək strategiyalarına da təsir göstərəcək. Yaponiyanın “Asahi Shimbun” qəzetində dərc olunan şərhdə qeyd olunurdu ki, Çinin paradı Yaponiyada ciddi narahatlıq doğurur, çünki nümayiş etdirilən texnologiyaların böyük hissəsi Yaponiyanın hava hücumundan müdafiə imkanlarını çətinlik qarşısında qoya bilər. Yaponiyanın digər nəşri olan “Nikkei Asia” isə daha çox iqtisadi aspektlərə diqqət yetirərək yazdı ki, Çinin texnoloji irəliləyişi yalnız hərbi sahə ilə məhdudlaşmır, eyni zamanda süni intellekt, pilotsuz sistemlər və kosmik sənayedə də yeni imkanların xəbərçisidir.

Çinin İkinci Dünya müharibəsində məhdud hərbi-sənaye imkanlarına malik olduğu tarixi həqiqəti xatırladıqda, bu transformasiya xüsusi əhəmiyyət kəsb edir. Tarixi təcrübə göstərir ki, o dövrdə Çin yalnız yüngül atıcı silah və sadə sursat istehsal edə bilirdi, ağır texnika isə müttəfiqlərdən alınırdı. Bu dərs bugünkü Çin üçün strateji nəticəyə gətirib çıxarıb: “zəiflər döyülür” - bu prinsip indi Si Cinpinin tez-tez vurğuladığı siyasi konsepsiyaya çevrilib.

Si Cinpinin irəli sürdüyü “qlobal idarəçilik təşəbbüsü” Çinin beynəlxalq münasibətlərdə rolunun yeni mərhələyə keçdiyini göstərir. Əvvəlki illərdə irəli sürülmüş “qlobal inkişaf”, “qlobal təhlükəsizlik” və “qlobal sivilizasiyalar” təşəbbüsləri kimi, bu ideya da hələlik geniş və ümumi ifadələrlə təqdim olunur. Lakin bu, təsadüfi deyil. Çin ilkin mərhələdə konsensus axtarır, tərəfdaşları ümumi prinsiplər ətrafında birləşdirməyə çalışır. Yalnız bundan sonra konkret məzmunun formalaşdırılması planlaşdırılır. Bu yanaşma, əslində, diplomatiyada “ümumi çərçivə razılaşması” metodunu xatırladır və Pekinin beynəlxalq hüquqa əsaslanan çoxşaxəli əməkdaşlıq mühitinə üstünlük verdiyini göstərir. Si Cinpinin vurğuladığı kimi, qlobal idarəetmənin islahatı yalnız siyasi və institusional yeniliklərlə məhdudlaşmamalı, praktiki nəticələr doğurmalıdır. Burada prioritet “insan”dır - yəni hər bir ölkənin vətəndaşı gündəlik həyatında bu islahatların müsbət təsirini hiss etməlidir. Bu, beynəlxalq hüquqda human security (insan təhlükəsizliyi) konsepsiyası ilə səsləşir və dövlətlərin yalnız öz maraqlarına deyil, insanların rifahına yönəlik siyasət yürütməli olduğunu göstərir.

Sammit çərçivəsində Rusiya ilə enerji dialoqunun intensivləşməsi və yeni boru kəmərinin inşası perspektivi Çinin suveren enerji siyasətini nümayiş etdirdi. Bu, ABŞ-ın Çinə öz maye qazını satmaq üçün yaratmağa çalışdığı geosiyasi təzyiq mexanizminə açıq cavab idi. Əgər Rusiya - Çin enerji əməkdaşlığı genişlənərsə, beynəlxalq enerji bazarında multipolyarlıq güclənəcək, ABŞ-ın “enerji hegemoniyası” isə zəifləyəcək. Burada əsas prinsip - iqtisadi əməkdaşlıqda non-intervention (qarışmama) və free choice of partners (partnyor seçmək azadlığı) normalarıdır. Beləliklə, Çin bu sammit və paralel tədbirlərlə açıq şəkildə bəyan etdi ki, yeni qlobal nizam hegemonluq üzərində deyil, bərabərlik, əməkdaşlıq və tarixi ədalət prinsipləri üzərində qurulmalıdır. Suveren bərabərlik, iqtisadi şantajdan imtina, enerji əməkdaşlığının sərbəstliyi, insan mərkəzli idarəçilik və tarixi yaddaşa sadiqlik - bütün bunlar Çinin beynəlxalq hüquqla legitimləşən yeni dünya konsepsiyasının təməl sütunlarıdır.

Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert


Tehsil-press.az

Oxşar xəbərlər