Təhsil eksperti: “Ali məktəblərə qəbul imtahanlarında keçid ballarının aşağı salınması məqsədəuyğundur"

Təhsil eksperti: “Ali məktəblərə qəbul imtahanlarında keçid ballarının aşağı salınması məqsədəuyğundur Elm və Təhsil Nazirliyinin fevralın 6-da keçirilən brifinqdə nazir E.Əmrullayevə İqtisad Universitetinin Dərbənd filialının məzunlarının 2023-cü ildən bu yana diplom almaqda çətinlik çəkdikləri barədə sual verildi. Cənab nazir xaricdə təhsil alan şəxslərin diplomlarının nostrifikasiya edilməsi üçün yoxlanılması gərəkən minimum nüansları sadaladı: “O şəxs heç olmasa, həmin ölkədə olmalıdır, oxuduğu təhsil müəssisəsinin tədris dilini bilməlidir. Biz araşdırırıq, qoy narazı olanlar bizi məhkəməyə versinlər. Məhkəmə qərarını əsas götürüb, həmin şəxsə diplom verək”.

Məsələyə təhsil üzrə ekspert, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadənin münasibətini öyrəndik. Ekspert bildirdi ki, o, ali məktəblərə qəbul ballarının aşağı salınmasının tərəfdarıdır:

“Xatırladım ki, məlum brifinqin gedişində cənab nazir repetitorluqla bağlı sualları cavablandıranda da bilavasitə bu problemə toxunub. Nazir dedi ki, biz nə vaxta qədər ali təhsili defisit saxlayacağıqsa, o müddət ərzində də cəmiyyətdə repetitorluq qaçılmaz olacaq. Ali məktəblərə giriş genişlənməlidir. Qoy bitirmək çətin olsun. Ali təhsil müəssisəsinə qəbul olunan şəxslər ali təhsili bitirməyə, yaxud, gec bitirə bilərlər”.

Ekspertin fikrincə, məsələnin həlli istiqamətində əhəmiyyətli addım kimi, Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üçün keçid ballarını aşağı salması olmalıdır:
“Dövlət İmtahan Mərkəsi açıqlama verir ki, keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Görəsən, hansı plandan söhbət gedir? Məsələn, Bakı Ali Neft Məktəbi və Tibb Universiteti kimi ali təhsil müəssisələrinə qəbul üçün keçid ballarının yüksək olması başa düşüləndir. Çünki həmin müəssisələrdə tədris olunan ixtisaslara verilən tələblər böyükdür. Cəmiyyət istəməz ki, həkim bacarıqsız olsun, mühəndis qabiliyyətsiz olsun. Bu ixtisaslar üzrə verilən bilgilər heç gec müddətə mənimsənilməsi mümkün olacaq bilgilər də deyildir.

Ancaq özəl universitetlərdə tədris olunan başqa ixtisaslar üzrə qəbul balının aşağı salınması işin xeyrinə olar. Xəzər Universiteti, Azərbaycan Universiteti, Kooperasiya Universiteti, Bakı Biznes Universiteti kimi özəl ali təhsil müəssisələri kadr yetişdirmək üçün kifayət qədər resurslara malikdirlər. Nəyi pis olar ki, məsələn, müharibə şəraitində olan, korrupsiya bataqlığında boğulan, nəzarətsizliyin hökm sürdüyü Ukraynanın universitetlərinə üz tutan vətəndaşlarımız pulu yerli özəl ali məktəblərə xərcləsinlər? Eybi yox, nazir dediyi kimi, qoy gec gec bitirsinlər, başa vuranadək daha çox pul xərcləsinlər”.

Tehsil-press.az

Oxşar xəbərlər