Prezident İlham Əliyev: Öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur

Prezident İlham Əliyev: Öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Bakıda Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Ümidvaram ki, hazırda biz diqqətimizi əməkdaşlığımızın, artıq qeyd etdiyimiz enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələri ilə yanaşı, Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəldə bilərik. Yəni, neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk. Son illər ərzində, fikrimcə, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur".
Prezident bildirib ki, son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb: "Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılmışdır. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərmişdir. Bu, əsasən, əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalmışdır. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır. Bu, artıq baş verir".
Dövlət başçısı vurğulayıb ki, hazırda maliyyə vəziyyəti sabitdir: "Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur".


Tehsil-press.az

Oxşar xəbərlər