Prezident İlham Əliyev: Biz böhrandan şərəflə çıxa bilmişik, iqtisadi inkişaf davam edir

Prezident İlham Əliyev: Biz böhrandan şərəflə çıxa bilmişik, iqtisadi inkişaf davam edir "Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərmişdir. Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır".

Bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.
Dövlət başçısı bildirib ki, maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir: "Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilmişdir".
İlham Əliyev vurğulayıb ki, bu strategiya 1994-cü ildən icra edilməyə başlamışdır: ""Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir. Bu gün "Əsrin kontraktı" çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə "Şahdəniz" qaz yatağının işlənməsi ilə bağlı imzalanmış kontrakt bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini böyük dərəcədə möhkəmləndirir. 1999-cu ildə Bakı-Supsa neft kəmərinin inşası və Ulu Öndərin şəxsi iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması Heydər Əliyev neft strategiyasının əsas amilləridir. Bu gün bu istiqamətdə əlavə tədbirlər görülür. Ulu Öndərin başladığı layihələr tam icra edilibdir. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. Bu gün biz "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə də çox böyük uğurlara imza atmışıq".


Tehsil-press.az

Oxşar xəbərlər