Tədbirin əsas məqsədi probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyasının təkmilləşdirilməsi, onların cəmiyyətə uğurlu inteqrasiyasının dəstəklənməsi və bu sahədə innovativ yanaşmaların müzakirəsi olub.
Tədbirin açılışında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev çıxış edərək, probasiya nəzarətində olan şəxslərin sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər və gələcək perspektivlər barədə məlumat veriblər.
Daha sonra Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edərək, universitetin sosial iş ixtisası üzrə kadr hazırlığı sahəsində həyata keçirdiyi fəaliyyətlər, eləcə də bu istiqamətdə yerli və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib.
Tədbirdə, həmçinin, sosial reabilitasiya, psixososial dəstək mexanizmləri və beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmalar müzakirə edilib. Qeyd edilib ki, probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji adaptasiyası dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə multidissiplinar yanaşmaların tətbiqi vacibdir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib və iştirakçılar tərəfindən praktiki təkliflər irəli sürülüb.
Tehsil-press.az