Tramp 3-cü “kruq” gəlir - O, sələfi Ruzveltin iş, Karterin yaş ömrünə ümid edir

Tramp 3-cü “kruq” gəlir - O, sələfi Ruzveltin iş, Karterin yaş ömrünə ümid edir Bir ildir ki, dünya əhli səhərlərini Tramp xəbərləri ilə açır, günlərini Tramp xəbərləri ilə bitirir.
Adam sanki özünə söz verib, hər gün bütün dünya bunun sözünü danışmalıdır, qərarlarını müzakirə etməlidir, sərgüzəştlərindən xəbərdar olmalıdır.

Bunu hansısa aktyor, müğənni, idmançı etsə, “ulduz xəstəliyinə mübtəla olub” deyərdilər.

Ancaq artıq eyni sözü Trampa da şamil etmək olar: ABŞ prezidenti “ulduz xəstəliyi”nə tutulub və hər gün nəyləsə gündəmdə olmağa çalışır.

Budur, dünən o, jurnalistlər qarşısında danışarkən üçüncü müddətə namizədliyini irəli sürməsi barədə "zarafat etmədiyini" bildirib, amma deyib ki, bu barədə düşünmək tezdir.

Əgər Tramp indiki prezidentliyini ikinci müddət sayırsa, bu, o deməkdir ki, 2028-ci ildə seçləcəyi seçki “üçüncü müddət” olacaq. Yox, Tramp indiki prezidentliyini ikinci saymırsa, abzasdan, təzə sətirdən başlayırsa və 2016-cı ildə seçildiyi birinci seçkini hesaba almırsa, demək, o, hələ 2032-də isə prezidentliyə namizəd olacaq. Güman ki, Tramp 2028-ci ili hədəfləyib.

İndilikdə ABŞ konstitusiyasının 22-ci düzəlişi bir şəxsin iki dəfədən çox prezident seçilməsinə icazə vermir. Ancaq bu, Tramp üçün maneə deyil. Dünya konstitusiyanı dəyişərək, ömürlük hakimiyyət bərqərar edən liderlərlə doludur. Örnək var, presedent boldur, əsas odur ki, Amerika xalqı istəsin.

Vəzifə başında olduğu 70 gündə Tramp əmin olub ki, Amerka xalqı onun üçüncü müddətə prezident olmasını istəyir və sona qədər bu fikri dəyişməyəcək. Bayden də elə hesab edirdi, amma ötən il ictimai rəydə yerlə sürünən reytinqi onu prezidentliyə namizəd olmaq fikrindən daşındırdı.

Hazırda Trampın 79 yaşı var, 80-i haqlayıb. Üçüncü müddətdə prezident seçilsə, ömrünün 9-cu onilliyini də yarı edəcək və ABŞ tarixində bu yaşda prezident olan ilk adam olacaq. O, rekordlar qırmağı xoşlayır, ona görə də zarafat etmədiyi bəllidir.

Bəs Trampın bu “ülvi arzusu”nu reallaşdırmaq üçün ömrü vəfa edəcəkmi? Hazırda o, özünü çox gümrah və sağlam hesab edir (əslində elə də görünür) və düşünür ki, yaşı 85-ə çatanda da elə olacaq.

Trampın bu cür düşünməsinin gerçək səbəbləri var. Onun sələfləri sırasında yaşı 90-nı keçənlər və 100-ə çatanlar olub. Ağ Evin həkimləri xüsusi və sağlam həyat tərzi keçirən prezidentlərin uzun yaşamasının qayğısına qalırlar.

Məsələn, ABŞ-nin 2-ci prezidenti Con Adams tibbin inkişaf etmədiyi 18-ci 19-cu əsrdə 91 il yaşayıb.
3-cü prezident Tomas Cefferson 83, 4-cü prezident Ceyms Medison 85 yaşa çatıb.

20-ci əsrdə ABŞ prezidenti olanlar isə daha uzun yaşayıblar. 31-ci prezident Herbert Huver 90, 33-ci prezident Harri Trumen 88, 34-cü prezident Duayt Eyzanhauer 79, 37-ci prezident Riçard Nikson 81, 38-ci prezident Cerald Ford 93, 39-cu prezident Ceyms Karter 100 (rekord ona məxsusdur), 40-cı prezident Ronald Reyqan 93, 41-ci prezident Corc Buş (ata) 94 il yaşayıb.

42-ci və 43-cü prezidentlər olan Bill Klinton və Corc Buş (oğul) isə 80 yaşa adlayıblar və sağ-salamatdırlar. Baydenin də artıq 83 yaşı var.

Ona görə də Tramp düşünür ki, o, müasir tibbin inkişafı sayəsində 90 yaşı aşıracaq. Adamın qurduğu planlar belədir.

Ancaq bu, insan hesablamasıdır. Bir də möminlərin “ilahi təqdir”, “alın yazısı” dediyi fors-major hallar var.
16-cı prezident Avraam Linkoln 56 yaşında gülləyə gəlib, ölüb. 20-ci prezident Ceyms Qarfildi 50 yaşında güllə ilə ağır yaralayıblar, vəfat edib. 9-cu prezident Uilyam Harrison prezident vəzifəsində cəmi 1 ay olub, martın 4-də işə başlayıb, aprelin 4-də ölüb. 35-ci prezident Con Kennedi cəmi 46 yaşında öldürülüb.

Tramp isə düşünür ki, ona atılan güllə qulağını yalayıb, yaralayıb, keçib, daha qorxusu yoxdur. Ona qarşı birinci impiçment təşəbbüsü fiaskoya uğrayıb, ikincisi də baş tutmaz, çünki Konqresdə çoxluq öz partiyasına məxsusdur.

Bəs ABŞ-nin ədliyyə və maliyyə sistemi, azad mətbuatı, digər demokratik institutları onun “üçüncü müddət”ə prezident seçilmək fikrinin qarşısına sədd çəkə bilərmi?

Hələlik Trampın bu sarıdan beli bağlı deyil. Ona görə də o, “bu barədə danışmaq hələ tezdir” deyib. Yaxın 3 ildə o, son maneələri də aradan qaldıra biləcəyinə ümid edir.

Tehsil-press.az

Oxşar xəbərlər