
O, "Habertürk" telekanalına, gecə efirinə müsahibəsində bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin İstanbulda görüşə bilərlər. Yılmaz xatırladıb ki, daha əvvəl də İstanbul bu cür danışıqlara ev sahibliyi edib və konkret nəticələr əldə olunub. Onun sözlərinə görə, taxıl təşəbbüsü və əsir mübadiləsi kimi mühüm addımlar məhz Türkiyənin vasitəçiliyi ilə gerçəkləşib və bu, Ankaranın etibarlı tərəf olduğunu sübut edib. Türkiyəli siyasətçinin “Niyə də olmasın?” ifadəsi isə Ankara hökumətinin hələ də diplomatik kanalları açıq saxladığını göstərir.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 22-də bəyan etmişdi ki, Putin və Zelenskinin görüşü gündəmdə deyil və yalnız konkret razılaşdırılmış məsələlər mövcud olduqda belə bir addım mümkün ola bilər. Ukrayna Prezidenti Zelenski isə hələ may ayında Türkiyəyə səfəri zamanı Putinə şəxsən görüş təklif etdiyini açıqlamışdı, lakin bu görüşün yalnız atəşkəsin elan edilməsindən sonra baş tuta biləcəyini də qeyd etmişdi. Bu ilin mayında İstanbulda keçirilən danışıqlar tərəflər arasında üç ildən sonra ilk təmas olmuşdu. Prezidentlərin iştirak etmədiyi həmin görüşdə nümayəndə heyətləri 1000 hərbçinin mübadiləsi barədə razılıq əldə etmişdilər. Lakin Putinin danışıqlara qatılmaması beynəlxalq mediada və NATO müttəfiqləri arasında Moskvanın sülh istəmədiyi görüntüsü kimi dəyərləndirilmişdi.
Cövdet Yılmazın son açıqlaması Türkiyənin münaqişənin həllində diplomatik təşəbbüslərini davam etdirdiyini və İstanbulun hələ də sülh danışıqları üçün ən real məkan olaraq gündəmdə qaldığını göstərir. Bununla belə, tərəflərin real iradə nümayiş etdirib-etdirməyəcəyi və prezidentlər səviyyəsində görüşə razılıq verib-verməyəcəyi hələ də açıq sual olaraq qalır.
Tehsil-press.az