
Siyasi şərhçi Heydər Oğuz deyib ki, “Şərurlu İsfəndiyar” müsahibə zamanı həddini aşan fikir ifadə edib.
Onun fikrincə, İsfəndiyar Axundov fikrini düzgün ifadə etməyib:
“Əslində, onun demək istədiyi ayrı idi, amma fərqli bir tərzdə dedi. O istəyirdi desin ki, bu qədər məscid tikməkdənsə, məktəbin tikilməsi daha yaxşıdır, lakin onu bisavad şəkildə ifadə etdi. Məntiq etibarilə demək istədiyi doğrudur. Həqiqətən də bu gün Azərbaycana məsciddən çox məktəb lazımdır. “Şərurlu İsfəndiyar”ın tərəfini tutmuram, heç belə bir fikrim də yoxdur. Sadəcə, dediklərində həqiqət görürəm”.
İsfəndiyar Axundovun mərhəmətsiz bir iş adamı olduğunu deyən Heydər Oğuz onun nə qədər insanın aldadılmasında birbaşa rol oynadığını bildirib:
“Bilirsiniz, problem onun özündən qaynaqlanmayıb. Özü də bisavad, “çoban” olduğunu etiraf edir. Amma məsələ burasındadır ki, o dövrün hökumət adamları məhz elə insanları önə çəkirdilər. Adam pul qazanmaq istəyir və əlinə keçən fürsətdən faydalanır. İllər əvvəl hakimiyyətdə olan bir çox naxçıvanlılar İsfəndiyar kimi savadsız insanları irəli çəkirdilər. Bunun səbəbi iqtisadi rejimlə əlaqədar olub. Biz elə bir iqtisadi rejimdən qurtulmuşduq ki, o rejimin texnikalarından daha çox, texnikaların xammalı qiymətli idi. Onların da toplanıb xaricə satılması elə də böyük savad tələb etmirdi. Ona görə də belə şəxsləri “iş adamı” etmişdilər. Yəni onlar vasitəsi ilə dəmiri xaricə satıb, əldə olan pulla tikinti işləri aparırdılar. İsfəndiyar Axundov kimi adamlar kifayət edirdi”.
Siyasi şərhçi İsfəndiyar Axundov kimi savadsız iş adamlarının az olmadığını bildirib:
““Şərurlu” tək deyildi, o dövrdə fəaliyyət göstərən iş adamlarına baxsaq, bunu görərik. Həmin vaxt Nehrəmli İbrahim var idi. Adam deyir ki, təyyarədə 100 qram araq içib, xəyal görmüşdü ki, Xəzərin ortasında bir şəhər salır. Daha sonra qeyd edir: “Dərhal orda ayaqqabı qutusu tapıb xəyal etdiyim layihəni çəkib, onu həyata keçirdim”. Layihəyə milyonlarla pul xərcləmişdi. Günah beləsində yox, ona pul ayıranlardadır.
İstənilən hər kəs ağlına gələn layihə ilə çıxış edər və əlinə pul keçdikdə bunu həyata keçirməyə çalışar. Günah pula nəzarət edən orqanlardadır ki, buna o fürsəti verirlər. Onlara imkan yaradanlar Azərbaycanın var-dövlətini tar-mar edənlərdir. Yəni günah “Şərurlu İsfəndiyar”da yox, ondan sui-istifadə edənlərdə, onun heç bir savada, məntiqə əsaslanmayan arzularının reallaşmasına kömək göstərənlərdədir”.
Heydər Oğuzun dediklərinə görə, zamanında xammalı ölkədən çıxarmaq üçün savadlı adamların iddiası ortaya çıxa bilərdi deyə, onları işə götürmürdülər:
“Fikir verin, deyir savadım olmadığı üçün deputat da olmaq istəmirəm. Yəni orda necə çıxış edəcək? Bu cür insanlar zamanında daha əlverişli olduğu üçün onlardan istifadə edirdilər. Sovet hakimiyyəti dövrünün iqtisadiyyatı da belə idi. Məsələn, İkinci Dünya müharibəsi dövründə Amerika Rusiyada tank zavodu tikmək istəyirdi. Hətta bunu həyata keçirməklə bağlı müzakirə gedirdi ki, sovet hökuməti alman faşizminə qarşı daha effektli vuruşsun. Təklif edilir ki, pul verək, onlar özləri tiksinlər, amma amerikalı iş adamlarından biri etiraz edir. Bildirir ki, onlara desən bir ton mismar istehsal elə, bir dənə mismar istehsal edəcəklər və çəkisi elə bir ton ağırlığında olacaq. Yəni bu işi ruslara həvalə etmək olmaz. Özləri gəlib tikirlər və nəticədə faşizmə qarşı qələbə əldə edilir. Deməyim odur ki, savadsızlıq istehsal olunan texnikanın xammal əhəmiyyətində olmasına gətirib çıxarırdı. Bu səbəbdən də sovet hakimiyyəti dağıldıqdan sonra həmin materiallar toplanıb, xammal əvəzi xaricə, əsasən də İrana satıldı. Burda da savada ehtiyac yox idi deyə, İsfəndiyar Axundov kimi adamlar o işin öhdəsindən rahatlıqla gələ bilirdi”.
Tehsil-press.az