
G.Əhmədova Abel Məhərrəmovun illərlə Ramiz Mehdiyevin himayəsində fəaliyyət göstərərək həm akademik, həm də maliyyə baxımından böyük imkanlar əldə etdiyini iddia edib. O, qeyd edib ki, Abel Məhərrəmov hələ 2020-ci ildə Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində bu yaxınlığı açıq şəkildə təsdiqləmişdi: “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz”, – deyə Abel Məhərrəmov tədbirdə söyləmişdi.
Gülər Əhmədova yazıb ki, Məhərrəmovun bu sədaqəti təsadüfi deyildi, çünki o, məhz Ramiz Mehdiyevin kölgəsində qalaraq saysız-hesabsız təltiflərə, fəxri adlara və mükafatlara sahib olmuşdu.
Keçmiş deputatın paylaşımında Abel Məhərrəmovun 1999–2017-ci illər ərzində aldığı 50-yə yaxın mükafatın və fəxri adların tam siyahısı da yer alır.
Gülər Əhmədova daha sonra yazıb ki, Abel Məhərrəmovun 19 il rektor olduğu dövrdə onun təkcə övladları deyil, “bütün nəsli və kökü bu fürsətdən kifayət qədər yararlanıb”. O, əlavə edib ki, bu illər ərzində “yanan kasıb ailələrin tələbə balaları” olub. G.Əhmədova xatırladıb ki, 2014-cü ildə BDU-nun IV kurs tələbəsi Ramilə Kiçiyeva imtahan verdiyini, lakin kəsildiyini və bunun əvəzində ondan 70 manat rüşvət istənildiyini açıqlamışdı. Onun sözlərinə görə, həmin açıqlamadan sonra Abel Məhərrəmov tələbəni məhkəməyə vermişdi. “Amma rüşvətin var olduğunu təkcə Ramilə demədi, bütün Azərbaycan bilirdi”, – G.Əhmədova vurğulayıb.
Keçmiş deputat əlavə edib: “İndi sabah Abel Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, inanmayın! Çünki Abelin arxasında Ramiz durmasaydı, Abel bu qədər sərvət toplaya bilməzdi”.
G.Əhmədova qeyd edib ki, Abel Məhərrəmovun sərvətləri və mülkləri sadəcə bir universitet rektorunun gəlirləri ilə izah oluna bilməz. O, A.Məhərrəmova və ailəsinə məxsus olduğu iddia edilən əmlak və biznes obyektlərinin siyahısını da açıqlayıb:
“El Faro Hotel Nabran” – ailəvi istirahət mərkəzi, 200 hektar ərazidə, 61 milyon manat dəyərində, qızı İzabellanın adına qeydiyyatdan keçib.
“Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biri, 12 milyon manat dəyərində (ünvan: Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, 1596).
“İzabella” şadlıq sarayı – “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, 23 milyon manat dəyərində.
Bakının 11 müxtəlif ərazisində SPA və idman salonları, hər biri 4–7 milyon manat arası dəyərləndirilir.
“Sahil” ticarət mərkəzində yerləşən “Ramsey” brend mağazası (İtaliya və Türkiyə istehsalı kişi kostyumları satışı).
Əhmədova qeyd edib ki, Abel Məhərrəmovun şəxsi avtomobil qarajı da milyarder səviyyəsindədir. Onun dediyinə görə, burada bu markalar yer alır: “Lamborghini, Bentley, Porsche Cayenne, Land Rover, Mercedes AMG (zirehli, 1 milyon 800 min avro dəyərində), Audi Q7, Audi Q8 (450 min avro), Mercedes Gelandevagen (250 min avro), BMW X6 (200 min avro), BMW 760 (400 min avro).”
Bundan əlavə, Gülər Əhmədova Abel Məhərrəmovun mülk və daşınmaz əmlaklarının geniş siyahısını da açıqlayıb:
Binəqədi rayonu (“Vorovski”) ərazisində 2 villa; Quba, Xızı, Nabran, Şüvəlan və Mərdəkan qəsəbələrində villalar;
AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində ev;
Şərifzadə küçəsində mənzil;
Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası;
8-ci mikrorayonda restoran;
Nəriman Nərimanov heykəli yanında dəyəri 1 milyon manatdan çox olan mənzil.
Paylaşımın sonunda Gülər Əhmədova yazıb: “Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 il qoruyub?”
Tehsil-press.az