Anadolu Universitetində keçirilən tədbir Türkiyə və Azərbaycan Dövlət himnlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri, professor Burhan Sayılır iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və Eskişehir -Azərbaycan Dərnəyinin sədri Cavid Aydın çıxış ediblər. Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin panel müzakirələrində Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Gökhan Güneysu, BDU-nun Tarix fakültəsinin dosenti Aydın Məmmədov təqdimatla çıxış ediblər. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub.
Tədbir mövzu ilə bağlı sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, keçirilmiş panel-konfrans aprelin 9-da İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində təşkil olunmuş analoji tədbirin davamıdır. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan konfransların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Tehsil-press.az