
Tədbiri giriş sözü ilə açan Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov BDU-nun geologiya sahəsində formalaşmış zəngin elmi ənənələrindən söz açıb. O bildirib ki, Geologiya fakültəsi ölkənin geoloji tədqiqat və kadr hazırlığı mərkəzlərindən biri kimi mühüm rol oynayır. O, tədbirin əsas məruzəçisi olan akademik Akif Əlizadənin Azərbaycan geologiyasının inkişafında müstəsna xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, akademik Akif Əlizadə yalnız görkəmli alim və təşkilatçı deyil, yüzlərlə tələbə və gənc mütəxəssis üçün örnək olan müəllim, elmi rəhbər və böyük bir məktəbin banisidir.
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə çıxışında geologiya elminin tarixi inkişaf mərhələlərinə nəzər salıb, dünya və Azərbaycan elmində tutduğu yeri, əhəmiyyətini izah edib. O, paleontologiya və stratiqrafiya sahəsində apardığı tədqiqatlar, onların nəticələri barədə məlumat verib. Çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir molyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları, bu qədim canlıların təsnifatı və filogeniyası, paleobiocoğrafi rayonlaşdırma prinsiplərinin işləniiməsi, ekologiya və paleopatologiyaya dair məsələlər barədə danışıb, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub. Bildirib ki, geologiya yalnız təbii ehtiyatların öyrənilməsi ilə məhdudlaşmır, ekoloji təhlükəsizlik, təbii fəlakətlərin proqnozlaşdırılması və dayanıqlı inkişafın təmin edilməsində də mühüm rol oynayır.
Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxışında faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi, onların sənaye əhəmiyyəti və bu sahədə aparılan tədqiqatların müasir vəziyyəti haqqında məlumat verib. O, tələbələrə praktiki biliklərin verilməsinin, Yer elmləri üzrə tədqiqatların real yataqlarda aparılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az