Akademik Əhəd Yaqubovun 110 illiyinə həsr olunan kitab çapdan çıxıb

Akademik Əhəd Yaqubovun 110 illiyinə həsr olunan kitab çapdan çıxıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən “Akademik Əhəd Yaqubov Azərbaycanda palçıq vulkanizmi elminin banisidir” kitabı çap olunub.
“Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru institutun direktoru, akademik Akif Əlizadə, tərtibçiləri geologiya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanovdur.
Əsər ölkə başçısının müvafiq sərəncamı və AMEA Rəyasət Heyətinin qərarı əsasında akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlər planına uyğun olaraq hazırlanıb.
Kitabda ölkəmizdə palçıq vulkanizmi sahəsi üzrə görkəmli geoloq alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin Fəxri neftçisi, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr edilən yubiley yığıncağındakı (14 iyun 2018-ci il) çıxışların mətnləri, ailə üzvlərinin və tələbələrinin xatirələri əksini tapıb.
Nəşrə akademikin müəllifi olduğu və dünya geoloji ictimaiyyətində böyük əks-səda doğuran “Azərbaycanın palçıq vulkanları” atlasına görkəmli alimlərin və mütəxəssislərin yazdıqları rəylər əlavə olunub. Vəsaitin sonunda akademik Əhəd Yaqubovun elmi, pedaqoji və dövlət qulluğunda fəaliyyətini əks etdirən fotoşəkillər yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər