
Mərasimdə çıxış edən rektor Elçin Babayev “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinin başlanğıc mərhələsinin BDU-da keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O diqqətə çatdırıb ki, müasir dünyada süni intellekt yalnız texnologiyaların deyil, həyat tərzinin ayrılmaz hissəsinə çevrilməkdədir. Kənd təsərrüfatı isə bu transformasiyanın ən mühüm ünvanlarından biridir. Torpağın, suyun, təbiətin qorunaraq, ağıllı üsullarla idarə olunması günün əsas tələblərindəndir. “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi də məhz bu çağırışlara cavab verməyi hədəfləyir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişaf, innovasiyalar və aqrar sektorun müasirləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Bu siyasətin hədəfi rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaqdan, süni intellekti və rəqəmsallaşmanı iqtisadi inkişafın əsas təkanverici qüvvəsinə çevirməkdən ibarətdir. BDU da bu prosesin aktiv iştirakçısıdır. Süni intellekt, aqrar texnologiyalar və dayanıqlı inkişaf istiqamətlərində aparılan elmi-tədqiqat işləri, Universitetdə formalaşan intellektual mühit, müasir laboratoriyalar və təcrübə bazaları bu layihənin effektiv icrasına töhfə verəcək. BDU-nun tələbə və müəllimləri aqrar innovasiya xarakterli layihələri ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi qrant müsabiqələrinin dəfələrlə qalibi olublar. BDU tələbələri son illərdə “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında aqrar sahəyə yönəlmiş texnoloji həlləri ilə xüsusi fərqləniblər. 2023-cü ildə İstanbulda keçirilən “TEKNOFEST-2023”də BDU-nun “Humantek” komandası tərəfindən hazırlanmış “Ağıllı damla sulama sistemi” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında III yerə layiq görülüb. 2024-cü ildə isə “TEKNOFEST-Adana”da BDU-nun “ESST-6” komandası aqrar sahəyə inteqrasiya oluna bilən ətraf mühitə uyğun ağıllı monitorinq sistemi ilə final mərhələsinə yüksəlib və III yerə layiq görülüb. BDU tələbələri tərəfindən hazırlanmış “Irrigo – Dayanıqlı Kənd Təsərrüfatı Ekosistemi” layihəsi “TEKNOFEST 2025”in Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Bu layihə tullantı sularının təmizlənməsi, yenidən emalı və kənd təsərrüfatında istifadəsi üçün yararlı hala gətirilməsi ilə yanaşı, “IoT” və “Ağıllı kənd” konsepsiyasını əhatə edən bir sıra innovativ həlləri özündə birləşdirir. Bu, BDU-da aqrar innovasiyalara yönəlmiş tədris və tədqiqat mühitinin formalaşdığını təsdiqləyir”.
Rektor bildirib ki, "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi ölkənin innovativ gələcəyini formalaşdırmaq üçün mühüm addımdır. Bu təşəbbüs ölkəmizin aqrar sektorunun intellektual əsaslarla inkişafına, ali təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığın dərinləşməsinə və gənclərin potensialının reallaşmasına xidmət edəcək, ağıllı kənd təsərrüfatına gedən yolda mühüm bir mərhələ olacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov elmi tədqiqatların, innovasiyaların kənd təsərrüfatında öz əksini tapmasının, elmi biliklərin kommersiyalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, BDU-dan bu sahədə gözləntilərin böyük olduğunu vurğulayıb. O, layihə çərçivəsində süni intellektin tətbiqi sahəsində əldə etdikləri nəzəri və praktiki bilgilər əsasında cari ilin 28-29 aprel tarixlərində Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp”ın təşkil ediləcəyini diqqətə çatdırıb. “Bootcamp”ın əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının artırılması, aqrar sahədə fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsidir. Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandalar tərəfindən təklif olunan ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.
Asan İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov çıxışında bu cür layihələrin süni intellektin iqtisadiyyata effektiv tətbiq olunmasına təkan verəcəyini qeyd edib. O bildirib ki, ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun süni intellekt sahəsində böyük potensialı var. Özəl sektor bu potensialdan geniş istifadə edə bilər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının, aqrar sahədə fəaliyyət göstərən iri aqroparkların rəhbər və mütəxəssisləri, gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərən innovasiya, o cümlədən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri də iştirak ediblər.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, “Şabran -D” MMC-nin direktoru Şöhrət Məmmədov, “Agro Systems” MMC-nin direktoru Köçəri Məmmədov, “Grow Group Azerbaijan” MMC-nin baş aqronomu Emin Kara, Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Ruslan Zeynal, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışlarında kənd təsərrüfatında avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqinə dair fikirlərini bildirib, təmsil etdikləri qurumların bu sahədəki fəaliyyəti ilə iştirakçıları tanış ediblər.
Tehsil-press.az