
Fəxrəddin Quliyev qeyd olunan vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edib, Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar edilmiş 70 min manatdan artıq əmlakı mənimsəyib.
Fəxrəddin Quliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə F.Quliyev özünü ittiham üzrə təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Dövlət Gömrük Komitəsində işləyib, maddi-məsul şəxs olub: “Həmin dövrdə gömrükdən keçməyən məhsulları hansı anbara yönəldirdilərsə, siyahı ilə göndərirdilər. Əgər gələn məhsulda əksiklik olurdusa, geri qaytarılırdı. Mənim işim məhsulu qəbul edib, sənədləri düzəldərək əmr gələndə sahibinə vermək idi. Mən məhsulu qəbul etdikdən sonra komitədən adam göndərilir, akt tərtib olunur, mən də qol çəkirdim.
Mənə təqdim olunan iki bağlamada iki şuba vardı, mən heç nə satmamışam. Yəni iki sellofan paketdə iki şuba olub, mən də sənədə iki ədəd şubanı qeyd eləmişəm”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Fəxrəddin Quliyev 1997-ci ildən 2017-ci ilə kimi Dövlət Gömrük Komitənin “Azərterminalkompleks” Birliyinin anbar təsərrüfat şöbəsində çalışıb, son vəzifəsi isə rəis müavini olub:
“2017-ci ildə işdən azad olunmuşam. Barəmdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci bəndi ilə istintaq aparıldı və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə məsuliyyətinə verildim. Abşeron rayon məhkəməsində hakim Sevinc Quliyevanın çıxardığı hökmlə təqsirli bilinərək hazırda yadımda qalmayan cəzalara məhkum olundum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, işi "Azərterminalkompleks" Birliyində işlədiyi dövrdə birliyin anbarına müxtəlif gömrük postlarından gətirilən malları maddi məsul şəxs kimi qəbul etmək, həmin anbarda saymaq, sənəd üzrə doğruluğunu yoxlamaq və yerləşdirilməsindən ibarət olub:
“29 dekabr 2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan 38 adda malı sənəd üzrə qəbul edərək birliyin anbarına yerləşdirdim. Orada çox çeşiddə məhsullar olub, onların içərisində 2 kiçik bağlamada hər birinin içərisində 1 ədəd olmaqla qadın xəz dəri məhsulları vardı. Xatırladığım qədəri ilə həmin xəz dərinin uzunluğu qurşağa qədər olmaqla qolsuz idi.
Anbarda məhsullar uzun müddət qaldıqda ya satışa buraxılır, ya məhv edilir və ya sənədləri qaydasına salındıqda sahibinə geri verilirdi. Bağlamadakı 2 ədəd qadın üst geyimi 5 aya yaxın anbarda qaldıqdan sonra iştirakımla qəbzlə alıcıya təhvil verildi”.
Fəxrəddin Quliyev qeyd edib ki, birliyin kommersiya şöbəsi tərəfindən məhsulların satışı həyata keçirilib, yəni şubalar Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirilərək satılıb: “İki ədəd qadın üst geyimi də qiymətləndirmədən keçməklə sənəddə qeyd olunan kimi biri 15 manat yazılmaqla hər ikisi 30 manata satılıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ona ünvanlanmış istintaq sənədlərində 3 çantada olmaqla hər birinin içərisində 21 ədəd, ümumi dəyəri 93 min 950 ABŞ dolları məbləğində qiymətləndirilmiş məhsul gömrük sərhədindən ölkə ərazisinə daxil olaraq inspektor tərəfindən 3 çanta kimi rəsmiləşdirilib, qarşısında heç bir miqdarı, çəkisi və qiyməti qeyd edilməyib:
“Sonradan həmin məhsul saxlanca 3 bağlama şəkildə verilməklə yekunda 2 bağlama formasında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə təhvil verildi. 2 bağlama formasında “Azərterminalkompleks” birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata satılmış məhsulların kimə məxsus olması və qiyməti barədə mənim məlumatım olmayıb. Həmin məhsulları 2 kiçik ölçülü torbada içərisində 1 ədəd olmaqla qəbul edərək maddi məsul olduğum anbara yerləşdirdim, satışını birliyin kommersiya şöbəsi həyata keçirdi, məhsulun təhvil verilməsini isə qaimə-faktura ilə mən icra etdim”.
Çin Xalq Respublikasından gətirilən xəz dəri məhsullarında qüsurların olub-olmaması barədə suala cavab olaraq təqsirləndirilən şəxs göstərib ki, məhsullarda hər hansı qüsurun olması barədə ona məlumat verilməyib.
Məhkəmənin hökmü ilə Fəxrəddin Quliyev barəsində olan Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib. Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddələr üzrə cəza təyin edilməyib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Tehsil-press.az