
Bunu açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, idarəetmənin dəyişdirilməsi və yeni strukturların formalaşması özündə Konstitusiya dəyişikliklərini ehtiva edir:
"Bunun üçün də referendum olmalıdır. Bir müddətdir ki, ölkədə referendum keçirilməsi və bir sıra məsələlərlə bağlı Konstitusiyanın islahatlara gedilməsi də gündəmdə müzakirə mövzusu olub. İdarəetmə məsələsinə gəldikdə isə o da məlumdur ki, torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan prezidentinin işğaldan azad olunmuş ərazilər üzrə səlahiyyətli nümayəndələri təyin olunub. Bu səlahiyyətli nümayəndəlik institutu faktiki olaraq formalaşıb. Bu institutun da konstitusion müstəvidə mövcudluğunun təsdiq edilməsi üçün də qanunvericilikdə dəyişikliklərə gedilməsi ehtimalı var.
Eyni zamanda səlahiyyətlər bölgüsü, səlahiyyətlərin bir hissəsinin bələdiyyələrə verilməsi və ya prezidentin səlahiyyətli nümayəndələrinin nümayəndəlik institutuna səlahiyyətlərin bir hissəsi ötürülməklə idarəetmədə struktur islahatlarına gedilməsi ehtimalı da var. İstənilən halda, qeyd elədiyim kimi, mövcud konstitusion islahatlara gedilməlidir. Bu, yaxın zamanlarda da ola bilər. Bir müddət sonra da ola bilər. Eyni zamanda biz də bununla bağlı öz təkliflərimizi vermişik".
Tehsil-press.az