
Vaxtilə Sumqayıtın salınmasında çalışmış bu əsirlər, talehin sərt sınaqlarına sinə gərmiş, torpağa əbədi qovuşmuşlar. Onların həyat hekayəsi Sumqayıtın küçələrinə, binalarına hopub, şəhərin unudulmaz yaddaşına çevrilib.
Bu əsir məzarlığının son sakini 1949-cu ildə torpağa tapşırılıb. İllər keçsə də, zamanın tozu bu məzarların üzərindən silinmir. Almaniyanın rəsmi nümayəndələri hər il bu unudulmaz məkanı ziyarət edir, tarixdə qalmış izləri hörmət və ehtiramla yad edirlər. Müharibə illərində hərbi əsir əməyi Azərbaycanda geniş yayılmasa da, savaşın bitməsindən sonra bu insanlara ağır yük düşdü. Vətənlərindən min kilometrlərlə uzaqda, qəlblərində həsrət daşıyan bu əsirlər, məhv edilmiş zavodların, bəndlərin, dəmir yollarının, limanların bərpasında çalışdılar. Dağlarda, əlçatmaz yerlərdə yol çəkdilər, faydalı qazıntılar çıxardılar. Hər bir daş, hər bir taxta parçası onların alın təri ilə yoğruldu.
Alman mənbələri göstərir ki, sovet əsirliyində təxminən 3,15 milyon Vermaxt əsgəri olub və onlardan 1,1-1,3 milyonu geri qayıda bilməyib. Sovet mənbələri isə bu rəqəmi daha az göstərir: 2 milyon 389 min 560 hərbi əsir, onlardan 356 min 678-i əsirlikdə dünyasını dəyişib.
Sumqayıt şəhər Bələdiyyəsinin üzvü Akif Kərimov əməkdaşı ilə söhbəti zamanı bildirib ki, şəxsən məzarlıqda uyuyan əsirlərin şəxsiyyətinin müəyyən edilməsi və xatirələrinin bərpası prosesində iştirak edib: “Alman əsirlərin Sumqayıtın İnşaatçılar qəsəbəsində düşərgəsi var idi. Əsirlər şəhərdə yaşayış binalarının, Cəfər Cabbarlı adına Mədəniyyət Sarayının, iaşə kombinatlarının tikintisində işlədilirdilər. Sumqayıtda olan əsirlərin hamısı öz əcəlləri ilə vəfat edib. Dəfn olunduqları məzarlıq isə həmişə baxımlı olub, dövlət vəsait ayırıb. 1991-ci ildə İcraiyyə Komitəsinin sədr müavini işləyəndə almanların rəsmi şəxslərini məzarlığa aparanda səliqə-sahmana çox təəccüblənmişdilər. Orada 311-nəfərin siyahısı göstərilir, amma 310 məzarlıq var. Çünki soyuq o qədər güclü olub ki, torpağı qaza bilməyib iki nəfəri bir qəbirdə basdırıblar”.
Tehsil-press.az