BDU-da tədbir: “İsrailin mədəni irsi”

BDU-da tədbir: “İsrailin mədəni irsi” Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrası və fakültə Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə İsrail mədəniyyətinə həsr olunmuş “İsrailin mədəni irsi” mövzusunda elmi-praktik tədbir keçirilib.

“Regionşünaslıq” (İsrail üzrə) ixtisası üzrə I kurs tələbələri tərəfindən İsrailin tarixi-mədəni mənzərəsini əks etdirən təqdimatlar edilib. Təqdimatlarda İsrail dövlətinin rəmzləri, yəhudi etnik və dini qrupları, yəhudi dilləri və dialektləri, ailə institutu, toy və ailə mərasimləri, mədəni adət-ənənələr, yəhudi təqvimi və bayramları haqqında ətraflı məlumat təqdim olunub. Tələbələr Roş Haşana (Yeni il), Peşah (Pasxa) və Purim bayramlarına məxsus adətləri əyani şəkildə nümayiş etdirib, iştirakçılarda İsrailin mədəni müxtəlifliyi haqqında vizual təsəvvür yaradıblar.

Tədbir zamanı İsrail mədəniyyətinin qədim sivilizasiya qatlarını və müasir çoxmədəniyyətli cəmiyyət strukturunu sintez edən unikallığı vurğulanıb. Qeyd olunub ki, İsrail ədəbiyyatı, incəsənəti, musiqisi və mətbəxi bu ölkənin etnik və dini müxtəlifliyinin real təzahürüdür və “Regionşünaslıq” ixtisasında təhsil alan tələbələr üçün xüsusi elmi maraq doğurur.

Sonda fakültə dekanı, dosent Aydan Xəndan, Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə, tədris işləri üzrə dekan müavini Tərlan Məlikov və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib, belə tədbirlərin tələbələrin elmi biliklərini praktik bacarıqlarla birləşdirməsi baxımından əhəmiyyətini vurğulayıblar.

BDU-da tədbir: “İsrailin mədəni irsi”
BDU-da tədbir: “İsrailin mədəni irsi”
BDU-da tədbir: “İsrailin mədəni irsi”


Tehsil-press.az

Oxşar xəbərlər