BDU-da Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsində Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Şərqşünaslıq fakültəsinin tələbələri ərəb dilində Beynəlxalq Ərəb dili Günü barədə məlumat təqdim etməklə, sinxron tərcümə simulyasiyasını keçiriblər.
Fakültənin dekanı vəzifəsini icra edən Tərlan Məlikov ərəb dilinin tədrisi tarixi, ərəbşünaslıq məktəbinin yaradıcıları, ərəbdilli mütəxəssislərin hazırlanması, semitologiyanın inkişaf yolları və əsas istiqamətləri barədə məlumat verib.
Sonra Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən dosent Vüqar Qaradağlı, professorlar Elxan Əzizov, Nəsrulla Məmmədov və Mais Ağaverdiyev çıxış edərək, ərəb dilinin dünyəvi əhəmiyyəti, müsəlman dünyasında olan mövqeyi və öyrənilməsi, dilin keçdiyi inkişaf yolu, beynəlxalq dilə çevrilməsi, bu dildə yaranan müqəddəs dini kitab olan “Qurani-Kərim”in ərəb dilinin mühafizəsi baxımından əhəmiyyəti barədə danışıblar.
Azərbaycanşünas alim Əhməd Sami Elaydi ərəb dili üzrə gənc şərqşünasların Azərbaycana verə biləcəyi töhfələr haqqında məlumat verib, BDU-nun Şərqşünaslıq fakültəsinin kadrların hazırlanmasında müstəsna rolunu vurğulayıb.
Fakültənin Dilşünaslıq (ərəb dili) üzrə magistrantı Nemət Məmmədov ərəbcə çıxış edərək, ərəb dili üzrə keçdiyi təhsil yolu, dilin zənginliyi və strukturundan bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər