BDU-da Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi aparılır

BDU-da Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi aparılır Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Mamır-transplantat vasitəsi ilə Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi” adlı elmi seminar keçirilib.

Elmi seminarda fakültənin “Ekoloji kimya” ixtisası üzrə qiyabi doktorantı Orxan Hacıyev mövzu üzrə təqdimat edib. Tədqiqat işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya elmləri namizədi, dosent Zərifə Vəliyeva elmi rəhbərlik edirlər.

Məruzəçi biomonitorinqin müasir ekoloji tədqiqatlarda rolu, seçilmiş metodologiya və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. Bildirib ki, ilk dəfə olaraq Azərbaycanda tətbiq edilən “mamır-transplantat” texnikası çərçivəsində torf mənşəli “Sphagnum girgensohnii” növündən istifadə edilib, bu mamırın yüksək sorbsiya qabiliyyəti və atmosfer çirkləndiricilərinə qarşı həssaslığı onun seçilməsini əsaslandırıb.

Tədqiqat çərçivəsində Rusiya Federasiyasının ekoloji cəhətdən təmiz regionundan toplanmış mamır nümunələri Bakı və Abşeron yarımadasında 21 müxtəlif nöqtədə ekspozisiyaya məruz qoyulub. Üç aylıq müddət ərzində hava çirkləndiricilərini toplayan bu nümunələr daha sonra neytron-aktivləşmə analizi (NAA), atom-absorbsiya spektroskopiyası (AAS) və qaz xromatoqrafiyası üsulları ilə təhlil olunub. Təhlilin nəticələrinə görə, bəzi nöqtələrdə ağır metalların və polisiklik aromatik karbohidrogenlərin (PAK) konsentrasiyası fon göstəricilərindən əhəmiyyətli dərəcədə yüksək olub. ArcGIS texnologiyasının köməyi ilə çirklənmə göstəricilərinin məkan üzrə paylanması vizuallaşdırılıb və “isti nöqtələr” xəritə şəklində təqdim olunub.

Seminarda vurğulanmışdır ki, “mamır-transplantat” texnikası həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətli atmosfer monitorinqi üçün effektiv yanaşmadır. İşin nəticələri atmosferin çirklənmə dərəcəsinin qiymətləndirilməsi, ekoloji risklərin aşkarlanması və regional ekoloji siyasətin planlaşdırılması baxımından mühüm tətbiq potensialına malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər