Dörd gün davam edən proqram ərəb dilinin tədrisi sahəsində həm nəzəri, həm də praktiki biliklərin möhkəmləndirilməsinə xidmət edib. Təlimlərə ümumilikdə 50-yə yaxın müəllim və 110-dan çox tələbə qatılıb ki, bu da ölkəmizdə ərəb dilinə marağın artdığını və ixtisaslı mütəxəssislərə ehtiyacın gücləndiyini bir daha göstərir.
Proqram çərçivəsində iştirakçılar ikinci dilin tədrisində tətbiq olunan ən mühüm nəzəriyyə və metodlarla tanış olub, mikro-tədris üsulları vasitəsilə dərs planlarını hazırlayıb və onları dərs prosesində tətbiq etmə bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, kommunikativ yanaşmalar, onların müxtəlif formaları və dil öyrətmədə texnologiyanın rolu barədə müasir biliklər əldə ediblər, dinləmə və danışma bacarıqlarını inkişaf etdirməyə yönəlmiş xüsusi praktik məşğələlərdə iştirak ediblər. Həmçinin, ərəb dünyasında fəaliyyət göstərən aparıcı təhsil kanalları, xüsusilə "YouTube" platformasında yayımlanan “Al Arabiya Al Alam” kimi resursların imkanları ilə tanış olublar.
Bununla yanaşı, təlimlər iştirakçılara öz peşəkar təcrübələrini qiymətləndirmək, müzakirələrdə fəal iştirak etməklə tənqidi yanaşma formalaşdırmaq və pedaqoji fəaliyyətlərdə mənfi tendensiyalardan qaçma yollarını öyrənmək imkanı yaradıb.
Təlimlərə İmam Məhəmməd ibn Səud Universitetinin professoru Saleh Nasser Al-Şuvairkh və Mədinə İslam Universitetinin dosenti Maher Dakhil Allah Al-Sa’edi rəhbərlik ediblər. Onların iştirakı tədris proqramına beynəlxalq təcrübə qazandırmaqla yanaşı, müəllim və tələbələrin müasir yanaşmaları praktikada sınamasına şərait yaradıb.
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində keçirilən bu kurslar ərəb dili müəllimlərinin peşəkar hazırlığının yüksəldilməsinə, tələbələrin praktik dil bacarıqlarının inkişafına və ümumilikdə ölkəmizdə ərəb dili tədrisinin keyfiyyətinin artırılmasına mühüm töhfə verdi. Layihə həmçinin Azərbaycan–Səudiyyə Ərəbistanı elmi-mədəni əməkdaşlığının dərinləşməsinə xidmət edən uğurlu təşəbbüslərdən biri kimi dəyərləndirilir.
Tehsil-press.az