NDU-nun 11 tələbəsi beynəlxalq təqaüd proqramının qalibi olublar

NDU-nun 11 tələbəsi beynəlxalq təqaüd proqramının qalibi olublar Naxçıvan Dövlət Universitetinin tələbələri beynəlxalq təqaüd proqramında iştirak hüququ qazanıblar. Universitetin 10 tələbəsi Hacettepe Universitetinə, 1 tələbəsi isə İstanbul Universiteti - Cerrahpaşaya beynəlxalq təqaüd proqramına qəbul olunub.

Seçim prosesi zamanı tələbələrin akademik göstəriciləri əsas meyar kimi nəzərə alınıb. Eyni zamanda, universitet tərəfindən tələbələrə müvafiq hazırlıq prosesində lazımi dəstək göstərilib. Nəticədə cari il ərzində baş tutan müraciət və yekun mərhələ əsasında qalib olan tələbələr təqaüd proqramı çərçivəsində 2025-2026-cı ilin ilk semestri ərzində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq. Bu müddət onlara yeni bilik və bacarıqlar əldə etmək, beynəlxalq akademik mühitdə təcrübə toplamaq, eləcə də fərqli mədəniyyətlərlə tanış olmaq imkanı verəcək.

Bildirək ki, Türkiyə uzun illərdir dünyanın müxtəlif ölkələrindən gələn tələbə və tədqiqatçılara təqaüd imkanları təqdim edir. 2012-ci ildən "Türkiyə Bursları" adı ilə tanınan proqram Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığının (YTB) koordinatorluğu ilə həyata keçirilir. Proqram Türkiye Bursları, Yükseköğretim Kurulu, Kredi və Yurtlar Genel Müdürlüğü, Göç İdaresi Başkanlığı və Dışişleri Bakanlığı kimi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində icra olunur.

Naxçıvan Dövlət Universiteti də hər zaman beynəlxalq mübadilə strategiyası çərçivəsində tələbələrin xarici ali məktəblərdə təhsil imkanlarını artırmaq, qlobal akademik əməkdaşlıqları genişləndirmək və tələbələrin beynəlxalq təcrübə qazanmasına şərait yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər