BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans Bakı Dövlət Universiteti (BDU) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib.

AQUPDK-nın sədri Bahar Muradova qeyd edib ki, ailə institutu təkcə Azərbaycanda deyil, bütün dünyada cəmiyyətin əsas sütunlarından biridir. Ənənəvi ailə dəyərlərinin tədris mühitinə inteqrasiyası, ailə və təhsil sistemlərinin qarşılıqlı fəaliyyəti cəmiyyətin uzunmüddətli inkişafında həlledici rol oynayır: “Dövlət Komitəsi ölkədə ailə dəyərlərinin qorunması istiqamətində ciddi addımlar atır. Hazırda ölkə başçısının tapşırığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yeni “Ailə konsepsiyası” hazırlanır. Bu, yalnız strateji yol xəritəsi deyil, ailə dəyərləri, milli-mənəvi bağlarla bağlı bütün məsələləri özündə əks etdirən sənəd olacaq. Ailə dəyərlərinin pozulması dövlətin təhlükəsizliyinə, milli maraqlarımıza birbaşa təhdiddir. Biz bu sahədə təhsil müəssisələrinin, ictimai təşkilatların, elmi ictimaiyyətin və dövlət strukturlarının birgə fəaliyyətini zəruri hesab edirik. Bu baxımdan ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin böyük potensialı var. Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən BDU bu prosesə mühüm töhfə verə bilər”.

Komitə sədri diqqətə çatdırıb ki, bu istiqamətdə ali təhsil müəssisələri ilə sistemi işlər həyata keçirilir, ailə dəyərləri ilə bağlı mexanizm təkmilləşdirilir: “Birgə müzakirələr, açıq fikir mübadiləsinə çevrilən belə platformalar məsələnin həlli üçün ən real vasitədir”.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir xalqın ən qiymətli sərvəti onun keçmişi ilə bu gününü birləşdirən, kimliyini yaşadan milli-mənəvi dəyərləridir. Rektor bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rola malik olduğunu bildirib: “Heydər Əliyev Fondu xalqımızın qədim tarixinin və zəngin mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, adət və ənələrimizin geniş təbliği istiqamətində əvəzsiz işlər görür. Nəcib və xeyirxah addımları ilə hər bir ölkə vətəndaşına, xaricdə yaşayan soydaşlarımıza tükənməz qürur hissi yaşadır”.

Elçin Babayev milli dəyərlərin məktəblərdə təbliği və tədrisinin şagird və tələbələrin milli kimliklərinin formalaşmasında, cəmiyyətdə sağlam münasibətlər qurmasında təkzibolunmaz amil olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə milli-mənəvi dəyərlərlə bağlı dövlət siyasətini açıq ifadə edib: “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”. Bu fikirləri əsas tutan BDU-da hazırda milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrılır. BDU-nun sosial fəaliyyət üzrə illik fəaliyyət planlarında təhsilalanlara milli-mənəvi dəyərlərin təbliği istiqamətində müntəzəm tədbirlərin keçirilməsi öz əksini tapır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin üzvü Mehriban Vəliyeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və BDU-nun Psixologiya kafedrasının müəllimi Emiliya İgidova çıxışlarında ailə institutunun nüfuzunun qorunması, inkişafı, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi, gənc nəsil arasında təbliğ olunmasının vacib olduğunu bildirib, bu məsələlərin təhsil prosesində əksinin günün tələbinə çevrildiyini qeyd ediblər.

Sonra mövzu ilə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib, müzakirələr aparılıb.

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans
BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans
BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans


Tehsil-press.az

Oxşar xəbərlər