
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfrans NDU və “Azərbaycan İmplantoloq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov bildirib ki, bu kimi beynəlxalq səviyyəli elmi tədbirlər stomatologiya sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Prorektor çıxışında 2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Planlanan yeni kampusda müasir tibb tədris binası, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb kollecinin binası və sair ilə yanaşı, Stomatologiya ixtisası üçün ayrıca tədris korpusu və stomatoloji klinikanın inşasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda, mayın 16-17-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 35 universitetin iştirak etdiyi tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransında universitetin Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə tələbələrinin də uğurlu çıxışları ilə yüksək dərəcəli diplomlara layiq görüldüklərini xatırladıb.
“Azərbaycan İmplantoloq” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov müasir stomatologiyada innovasiyaların rolundan danışıb. Vurğulanıb ki, konfrans bu sahədə tətbiq olunan ən son texnologiyalar və müalicə metodlarının paylaşılması baxımından olduqca önəmli əhəmiyyət kəsb edir.
Sonra plenar çıxışlar başlanılıb. İstanbul Aydın Universiteti Diş həkimliyi fakültəsinin Ağız, diş və çənə cərrahiyyəsi kafedrasının müəllimi, dosent Elçin Bədəloğlu “İmplantologiyada tam çənə reabilitasiyalarında sadədən mürəkkəbə doğru cərrahiyyə və protez mərhələlərində istifadə olunan müalicə metodları”, Diş texniki Rafael Paşayev “Estetik restavrasiyalarda planlama və kommunikasiyanın əhəmiyyəti”, Cabbar Həsənov “All-on-4 və onun uyğun vəziyyətlərdə tətbiqi” mövzularında çıxış ediblər.
Tehsil-press.az