
ABŞ-nin Ukraynaya münasibətində dəyişiklik hansı geosiyasi nəticələrə səbəb ola bilər? Vaşinqton üçün Kiyevin “sadəcə silah alıcısı”na çevrilməsi regionda sabitliyə necə təsir edə bilər?
Sözügedən məsələ ilə bağlı açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Tramp və sabiq lider Co Baydenin Ukrayna siyasətinə yanaşmalarının kəskin şəkildə fərqləndiyini deyib.
Politoloq bildirib ki, Baydenin hakimiyyəti dövründə Qərb cəbhəsi vahid mövqe sərgiləyərək Ukraynaya güclü dəstək verirdisə, Trampın yenidən siyasi səhnəyə qayıdışı ilə bu birlikdə ciddi parçalanmalar müşahidə olunmağa başlayıb:
“Artıq səksən ildən çoxdur ki, ABŞ-nin strateji tərəfdaşı olan Avropa, hazırkı şəraitdə Vaşinqtonun təzyiqləri ilə üzləşir. Birləşmiş Ştatlar Avropa İttifaqının təhlükəsizliyinə zəmanət verməkdən addım-addım geri çəkilir və bu məsuliyyəti üzərinə götürməkdə maraqlı görünmür. Əvəzində isə Avropa ölkələrindən müdafiə xərclərini ÜDM-in beş faizi həddinə qədər artırmalarını tələb edir”.
O.Qasımov Trampın hakimiyyətə qayıdışının və Rusiya ilə danışıqlara başlamasının fonunda Moskvanın beynəlxalq təcriddən çıxdığını və bunun da Kremlin mövqeyini gücləndirən əsas amillərdən biri olduğunu vurğulayıb.
O qeyd edib ki, ABŞ-nin Avropanın təhlükəsizlik zəmanətlərində geri addım atması qitə dövlətlərini birbaşa Rusiya təhdidi ilə üz-üzə qoyur:
“Digər tərəfdən, Vaşinqton ilə Kiyev arasında münasibətlərdə də gərginlik yaşanır. Ukrayna istədiyi dəstəyi almaqda çətinlik çəkir, hətta ödəniş etməsinə baxmayaraq “Patriot” hava hücumundan müdafiə sistemlərinin təchizatında problemlər meydana çıxır. ABŞ bu sistemləri Ukraynaya verməkdə o qədər də maraqlı görünmür. Tramp və Putin arasında bəzi sövdələşmələrin baş verdiyinə dair ehtimallar da artmaqdadır. Bu isə Kiyevin maraqlarına zidd ola biləcək razılaşmaların mövcudluğu təhlükəsini gündəmə gətirir”.
Müsahibimiz Trampın Ukrayna ilə bağlı siyasətinin böyük geosiyasi dəyişikliklərə yol aça biləcəyindən bəhs edib:
“Əgər Ukraynaya dəstək tamamilə dayandırılarsa və Rusiya öz məqsədlərinə çatarsa, bu zaman Avropa İttifaqı ciddi təhlükələrlə üzləşəcək. Rusiyanın imperialist ambisiyaları daha da genişlənəcək ki, biz bunu son dövrlərdə açıq şəkildə müşahidə edirik. SSRİ-nin və ya rus imperiyasının bərpasına dair səsləndirilən fikirlər, Kreml rəhbərliyinin niyyətini və ideoloji yönümünü aydın şəkildə nümayiş etdirir. Ukraynadakı vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi, həm qlobal miqyasda, həm də regional səviyyədə ciddi risklər və dəyişikliklər doğura bilər”.
Tehsil-press.az