YAP-çı deputatdan Rusiya ilə bağlı yeni açıqlamalar

YAP-çı deputatdan Rusiya ilə bağlı yeni açıqlamalar “Azərbaycan Rusiyadan uzanan dostluq əlini hər zaman sıxmağa hazırdır”

Rusiya-Azərbaycan arasında son 10 gündə yaranan gərginlik yavaş-yavaş aradan qalxır. Artıq Rusiyadan gələn nümayəndə heyəti Bakıdadır.

Məlumata görə, fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsinə dair qeyri-rəsmi danışıqlar aparacaq.

“Azərbaycan-Rusiya münasibətləri ancaq və ancaq yaxşı olmaq variantında olmalıdır. Digər variant bu iki dövlətin heç birinin marağında deyil”.

Bu sözləri Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bizim vaxtı ilə bir dövlətin tərkibində olmağımız, min illiklərdən gələn qarışıqlı münasibətlər tariximiz var: “Azərbaycanda çoxsaylı rus icması, Rusiyada tarixən öz torpağında yaşayan yaxud sonrakı dövrlərdə Rusiyanın bir sıra ərazilərinə köçüb yaşayan azərbaycanlılar var. Tarix boyu Azərbaycan-Rusiya münasibətləri qonşuluq prinsiplərinə söykənib. Düzdür, hansısa məsələlərdə fikir müxtəlifliyimiz ola bilir, yaxud hansısa məsələdə emosiya üstünlük təşkil edir. Ancaq bununla belə, hər iki dövlət münasibətlərin yaxşı olmasında maraqlı olduğunu vaxtaşırı ortaya qoyur. Azərbaycanda 300-dən çox orta məktəbdə tədrisin rusca keçirilməsi, ali məktəblərdə rus sektorunun mövcudluğu, Rus Pravoslav Kilsəsinin Azərbaycanda nümayəndəliyinin olması ölkəmizdə rus mədəniyyətinə olan münasibəti göstərir. Azərbaycanın I vitse prezidenti, hörmətli Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı yenicə təmirdən çıxmış Rus Pravoslav Kilsəsini ziyarət etməsinin özü Azərbaycanın Rusiyaya olan münasibətinin göstəricisidir. Yekaterinbruq hadisəsində Azərbaycan “niyə vətəndaşımızı tutmusuz” deyil, “niyə bu cür tutmusuz” sualını ortaya qoydu. İstintaqın aparılması, öz vətəndaşına yaxud orada yaşayan başqa ölkənin vətəndaşına münasibət Rusiya qanunları ilə tənzimlənir. Rəsmi Bakı azərbaycanlılara qarşı zorakılığı qəbul etmədi. Harada yaşamasından asılı olmayaraq, öz hüquqları pozulanda azərbaycanlı öz milli dövlətinə müraciət edir.

Bu da normal bir haldır. Mövcud olan milli dövlətlərin hər biri Azərbaycan kimi davranır. Son proseslərdə rus rəsmilərinin Azərbaycanla bağlı açıqlamalarında təmkinli davranmaları, emosional bəyanatların verilməməsi diqqətləri cəlb etdi. Düzdür, həmişə olduğu kimi, hansısa media səviyyəsində, yaxud rəsmi səlahiyyəti olmayan bir şəxsin dilindən ölkəmizlə bağlı qeyri obyektiv çıxışlara rast gəldik. Biz isə hesab edirik ki, bu Rusiyanın mövqeyi deyil. İstənilən məsələ dostluqla mehriban qonşuluqla, beynəlxalq hüquqla həll oluna bilər. Son günlər hər iki ölkənin Ombudsmanlarının telefon danışığı, baş prokurorlar arasında baş verən hadisə ilə bağlı fikir mübadiləsinin aparılması hər iki ölkənin bir-birinə olan diqqətini göstərdi. Azərbaycan Rusiyadan uzanan dostluq əlini hər zaman sıxmağa hazırdır. Rusiya Fövqəladə hallar nazirinin beynəlxalq tədbirlə bağlı Bakıda olmasının özü göstərir ki, Rusiya Azərbaycana xüsusi önəm verir. Eyni münasibət də Azərbaycan tərəfindən var. Hesab edirəm ki, istənilən məsələni mehriban qonşuluq, beynəlxalq hüquq, artıq mövcud olan əməkdaşlıq ənənələrinə əsasən həll etmək mümkündür. Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bir-birinin dövlət müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşırlar. Müəyyən fikir ayrılıqları ola bilər. Amma hesab edirəm ki, istənilən məsələni bir-birimizə olan hörmətimiz, tarixi münasibətimiz əsasında həll etmək mümkündür”.

Tehsil-press.az

Oxşar xəbərlər