Əliyev-Putin razılaşmasında sensasion Qarabağ detalı – “Bu məqam gözdən qaçıb”

Əliyev-Putin razılaşmasında sensasion Qarabağ detalı – “Bu məqam gözdən qaçıb” Son zamanlar belə fikirlər səsləndirilir ki, Ermənistanın Rusiyadan uzaqlaşdığı vaxtda Azərbaycan Moskvaya, Vladimir Putinə yaxınlaşır. İddia edilir ki, “hazırda Rusiya uduzan tərəfdir və belə bir ölkənin yanında dayanmaq rəsmi Bakının mənafeyinə ziddir”. Bəzi ekspertlər isə hesab edir ki, bu, sadəcə balans siyasətinin bir parçasıdır. Yəni Rusiya hələ məğlub tərəf deyil, kapitulyasiya sənədi imzalamayıb.

Bakı-Moskva, Əliyev-Putin yaxınlaşmasının kökündə nə dayanır?

Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu deyib ki, Rusiya Federasiyası təkcə regionumuzda deyil, dünyada mühüm geostrateji faktordur:

“Ona görə də Rusiya ilə qonşu olan və ya olmayan hər hansı bir ölkə xarici siyasətini müəyyən edərkən bu faktoru nəzərə alır. Azərbaycan isə xarici siyasətdə Rusiya faktorunu nə həddən artıq şişirdir, nə də kiçik görür. Bu detal iki ölkənin xarici siyasətinin fəlsəfəsini müəyyənləşdirir. Məhz bu münasibətlərin nəticəsidir ki, ölkəmiz Cənubi Qafqazda uğurlu xarici siyasət yeridir. Prezident Vladimir Putinin ölkəmizə səfəri zamanı imzalanan bəyanatda qeyd olunur ki, tərəflər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət edir, daxili işinə qarışmır. Hesab edirəm, Putinin səfərindən sonra imzalanan birgə bəyanatdakı bu detala o qədər də diqqət yetirilmədi. Bu o deməkdir ki, artıq nə olursa olsun, Rusiya Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə bağlı heç bir təşəbbüs irəli sürməyəcək. Bundan başqa, Kreml Qarabağın hər qarışında Azərbaycanın suverenliyini tanıyır. Müqayisə üçün deyim ki, Rusiya bu yanaşmanı nə Ermənistana, nə də Gürcüstana qarşı sərgiləyir”.

H.Babaoğlu qeyd edib ki, Ermənistanla Rusiya müharibə vəziyyətindədir:

“Moskvanın Gürcüstanla da münasibətləri pisdir. Rusiyanın siyasətindən asılı olan Tbilisi və İrəvandır. Bakı isə müstəqil siyasət yeridir. Yəni Kremldən hər hansı asılılığımız yoxdur. Rusiya region ölkəsidir və onunla münasibətləri doğru qurmalıyıq. Moskvanın uduzan tərəf olmasına gəldikdə, kimin məğlub, kimin qalib gəlməsindən asılı olmayaraq Rusiya ayaqda qalacaq. Bu ölkəni dünya siyasi xəritəsindən silmək mümkün deyil”.

Tehsil-press.az

Oxşar xəbərlər