Əhali daha çox dərmana pul xərcləyir

Əhali daha çox dərmana pul xərcləyir “2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu, məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir”.

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqətçəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir: “Belə ki, bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 598 milyon manatdan çox olub. Əczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin struktrunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib. Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə ikirəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi birrəqəmlidir”.

Millət vəkili əczaçılıq məhsulları üzrə xərclərdə kəskin artımı belə izah edir: “Bu, dərman preparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti həmin dövrdə 4.5 faiz yüksəlib. Tibbi təyinatlı malların qiymətində də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib.

Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman preparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”.

Tehsil-press.az

Oxşar xəbərlər