Azərbaycanı qurtaran böyük oyun: Heydər Əliyevin usta gedişləri və Birandın "Demokrasi bitdimi", sualı...

Azərbaycanı qurtaran böyük oyun: Heydər Əliyevin usta gedişləri və Birandın İl 1993, Bakı. Böyük lider, nəhəng siyasətçi Heydər Əliyev başsız qalan, bölünmə - parçalanma ərəfəsində olan Azərbaycanı qurtarmaq üçün səhnədədir. Yenicə Baş nazir təyin edib, Bakıya gətirdiyi Surət Hüseynovu mətbuatın qarşısına çıxardıb, ilk “usta şilləsini” vurur.

Usta televiziyaçı, əfsanəvi Mehmet Ali Birand sual verir: “İndi Azərbaycanın əsas və ən güclü adamı kimdir? Sizmi, Surət Hüseynovmu?”

Və debat gedişində o məşhur sual ortaya çıxır: “Demokrasi bitdimi..”

Bu dialoqa bir daha baxaq. Böyük Usta Heydər Əliyev Surət Hüseynovun timsalında Azərbaycanı bitirmək istəyən bütün xarici - daxili güclərlə oyuna başlayıb. İki ilə bu partiyanı bitirəcək. Amma hələ bunu bu kadrda olan, ona televiziya önündə canlı baxan kimsə bilmir. 1995-ci ilin mart ayına qədər davam edəcək bir savaşda Azərbaycanı qorumağa mükəlləf olan Heydər Əliyev ilk gedişlərini edir…

Və onu həmin anda “demokrasi” yox, Surət Hüseynov, onun simasında İran - Rusiya kəşfiyyatının birgə qurduğu anti - Azərbaycan koalisiyası narahat edir. Çünki paralelində bölgələrimizə erməni hücumları və xain işğal davam edirdi. Cənub rayonlarımızda Ələkrəm Hümbətov özünə “respublika” qururdu. Şimal bölgəmizdə separatçı çağırışlarla “Sadval” birliyimizi - bütövlüyümüzü təhdid edirdi.

Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev orada verdiyi sözə də əməl etdi: “Demokrasi bitmədi, daha da güclü davam edəcək…”

Heydər Əliyev Surət Hüseynovu bitirdi, amma demokratiyanı boğmadı. Onun zamanında siyasi partiyalar və media, müxalifət və oponentləri ən güclü zamanlarını yaşadı. Bu gün 150 illiyi qeyd olunan Azərbaycan mediası Heydər Əliyevin zamanında tam formalaşdı, gücə və struktura sahib oldu. Mediamızın imza sütunları, görkəmli yazar və reportyorlar məhz onun zamanında şöhrət və tiraj qazandılar, karyeralarının ən möhtəşəm mərhələsini yaşadılar. Heydər Əliyevin jurnalistikamıza və ölkə müxalifətinə verdiyi azadlığı o zamanın tanınan, görkəmli müxalifət liderlərindən heç biri, əgər hakimiyyətə gəlsəydilər, verə bilməyəcəkdilər. Bu, həmin zamanlarda - 1993-cü ilin iyun hadisələrindən, Elçibəy iqtidarının çox qəribə fərsizliklə çökməsindən dərhal sonra bilinmirdi; ölkədə demokratiya ünvanı olaraq yalnız onlar - mərhum Elçibəyin intriqant komandası bilinirdi.

Lakin proseslərin gedişində, illərin irəliləməsində bir şeyi gördük - bu adamlar tənqidə dəhşətli dərəcədə dözümsüz, alternativ fikrə düşməncə baxan simalarmış. Bir-iki tənqidi yazıya görə neçə media quruluşunu boykot etdilər, jurnalistlərlə salam - sağolu kəsdilər, “kirpi taktikası” ilə tikanlarını qabartdılar, kiçilə - kiçilə getdilər. Onları böyük tutan elə Heydər Əliyevin proseslərə böyük baxması, ifrat demokratikliyi, onlara rol verməsi imiş.
Bu kadrlardakı Azərbaycan həm də daha çox onların əsəridir. Dağıdıb - tökdüklərini, yanlış və səhvlərini Azərbaycan çəkirdi… Çəkdi. Hələ də çəkir…

Heydər Əliyev olmasaydı o səhnədəki Surət Hüseynov var ya, Elçibəyin iqtidarına və Azərbaycandan ortalıqda qalan Vətən parçasına tək sahiblənəcəkdi. Bu səhnə də heç olmayacaqdı: Mehmet Ali Birand da heç o sualı verə bilməyəcəkdi. Surət Hüseynov isə əlinə keçən kim varsa, “demokratlar” deyilən dəstədən, hamısını qətl edəcəkdi. Bir çoxları bunu bildiyi üçün zatən iqtidardakı vəzifəsini buraxıb, qaçmışdı…

Elçibəy o zaman dəstək üçün, xilas üçün Heydər Əliyevi dəvət etməkdə doğru addım atmışdı…

Heydər Əliyev üstündən 10 il sonra İlham Əliyevə etimad göstərməkdə doğru addım atmışdı…

Azərbaycanın bugünkü Zəfər mərhələsində, bu kadrlardakı zaman kəsiyində (1993) yenicə başlamış və 30 ilə yaxın sürəcək Vətən müharibəsində tam və qəti qələbəsində bu iki qərarın həlledici əhəmiyyəti oldu.

"Demokrasi" sağ qaldı, Qarabağ qayıtdı, Vətən böyüdü, bütövləşdi...

Rauf Arifoğlu


Tehsil-press.az

Oxşar xəbərlər