Ekranlardan itən maarifçilik dəyərləri

Ekranlardan itən maarifçilik dəyərləri Azərbaycanda elmi-kütləvi və ədəbiyyat verilişlərinə çox ehtiyac var, amma...

Bu gün Azərbaycan televiziyasında və geniş mənada media məkanında diqqətçəkən və düşündürücü bir boşluq yaşanır: elmi-kütləvi, mədəni-maarif və xüsusilə də dil-ədəbiyyat yönümlü proqramların yoxluğu. Bu boşluq sadəcə informasiya çatışmazlığı deyil. Bu, milli kimlik, cəmiyyətin intellektual səviyyəsi, mənəvi dayaqlar və gələcək nəsillərin mənəvi dünyasının təhlükə altına düşməsi deməkdir.

Təəssüflə qeyd etmək olar ki, bu gün efirlərimizdə və sosial platformalarda təqdim olunan proqramların əksəriyyəti ya dəyərsiz əyləncə kontenti ilə doludur, ya da milli-mənəvi dəyərlərdən və elmi dünyagörüşdən tamamilə uzaqdır. Nəticədə maarifləndirmə funksiyası öz yerini, sadəcə, reytinq gətirən səthi və bəzən zərərli məzmunlara verib.

Xatırladaq ki, Azərbaycan cəmiyyətində maarifçilik ənənəsi yüz ildən artıq tarixə malikdir. XIX əsrin sonu-XX əsrin əvvəllərində Həsən bəy Zərdabidən başlayaraq, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi maarifçi ziyalılar bu torpaqda təhsilin, ədəbiyyatın və dilin milli oyanışdakı rolunu dərk etmiş və bunun uğrunda mübarizə aparmışdılar. Onlar qəzetlər, jurnallar, teatr tamaşaları, dərsliklər, məktəblər vasitəsilə xalqın düşüncə tərzini, dünyagörüşünü və dəyərlər sistemini dəyişməyə çalışırdılar. Bu gün isə həmin o maarifçilik ənənəsinin davamı televiziyada, internetdə, sosial mediada görünməz haldadır. Maarifçiliyin yerini “trend olmaq”, “viral olmaq”, “like və baxış sayı yığmaq” kimi düşüncələr alıb. Halbuki bu yanaşmalar milli düşüncə tərzinin formalaşması üçün deyil, sadəcə səthi istehlak üçün çalışır.

Tez-tez bu fikirlə rastlaşırıq - ədəbiyyat efirdə yoxdursa, düşüncə də efirdə yoxdur. Məlum məsələdir ki, ədəbiyyat yalnız kitab səhifələrində qalan, akademik mühitdə tədqiq olunan bir sənət növü deyil. Ədəbiyyat - cəmiyyətin ruhunu daşıyan, insan təfəkkürünü formalaşdıran, xalqın tarixini, emosiyalarını, kimliyini ifadə edən canlı orqanizmdir. Televiziya və rəqəmsal platformalar bu orqanizmi yaşatmalı və yeni nəslə ötürməlidir. Lakin reallıq göstərir ki, Azərbaycanda ədəbiyyat yönümlü verilişlər demək olar ki, yoxdur. Klassiklər yalnız tədris proqramında “məcburi əzbərlənməli” şəxsiyyətlər kimi qalır. Müasir yazıçılar isə demək olar ki, ictimaiyyətə tanıdılmır, gənclərlə ünsiyyət qurmaq imkanı əldə etmirlər. Kitablar isə ya kommersiya məqsədli reklamlarla, ya da kitab yarmarkalarında təqdim olunur, lakin onların ideya yükü, estetik dəyəri, milli düşüncəyə təsiri mediada yetərincə işıqlandırılmır.

Daha bir məsələ, gənclik ana dilindən və milli düşüncədən uzaq düşür. Bu vəziyyətin ən təhlükəli nəticələrindən biri gənc nəslin ana dilindən uzaqlaşmasıdır. Bugünkü gənclər arasında səlis, ədəbi dildə danışmaq bacarığı sürətlə azalır. Sosial şəbəkələrdə, gündəlik danışıqda yad sözlərə, yanlış dil quruluşlarına rast gəlmək adi hala çevrilib. İronik səslənsə də, gənclərin bir qismi Azərbaycan dilində öz fikrini tam ifadə etməkdə çətinlik çəkir. Bu, sadəcə, dil problemi deyil. Dil zəiflədikcə, düşüncə də zəifləyir. Dil - təfəkkür alətidir. Dili zəngin olan xalqın düşüncə aləmi də zəngin olur. Əgər bu alət sıradan çıxırsa, cəmiyyətin özü də primitivləşir. Çünki insanın duyğularını, ideyalarını, fəlsəfəsini və dünyagörüşünü ifadə edə bilməsi üçün dil əsas vasitədir.

Görünən odur ki, bu sahədə ciddi bir strateji yanaşma formalaşdırılmalıdır. Sadəcə tənqid etməklə deyil, alternativ yaratmaqla bu vəziyyətdən çıxış mümkündür. Mütəxəssislər qeyd edir ki, elmi-kütləvi və dil-ədəbiyyat yönümlü verilişlər aşağıdakı kimi ola bilər:

“Sözün sehri” - hər verilişdə bir klassik və ya müasir ədibin yaradıcılığı təqdim olunur, yazıçılarla debat və müzakirələr aparılır.

“Ana dilim - kimliyim” - lüğət xəzinəmizin sərvətləri, unudulan və ya təhrif olunan sözlər, dialektlər haqqında maarifləndirici proqram.

“Kitab vaxtı” - hər həftə bir əsərin geniş təhlili, oxucularla canlı interaktiv müzakirə.

“Ədəbiyyatla böyüyənlər” - məktəblilər və gənclərlə şeir, nəsr, yazı mədəniyyəti mövzusunda interaktiv veriliş.

Bu tip proqramlar yalnız televiziya formatında deyil, YouTube, TikTok, Spotify, Telegram kanalları kimi platformalarda da yayımlanmalıdır. Yəni, gənclərə onların istifadə etdiyi vasitələrlə yaxınlaşmaq lazımdır.

Millətin yaddaşı onun sözündə, dilində və ədəbiyyatında yaşayar. Əgər bir xalq öz dilini sevmirsə, öz ədəbiyyatını oxumur və yaymırsa, zamanla kimliyini də itirəcək. Bu, təkcə linqvistik deyil, həm də mədəni, siyasi və strateji bir problemdir. Düşüncə, yaradıcılıq və tənqid bacarığı - bunlar cəmiyyətin sağlam inkişafı üçün vacib şərtlərdir. Və bu bacarıqların təməli kitabdan, şeirdən, milli dildən, yəni maarifdən və ədəbiyyatdan keçir. Cəmiyyətin səviyyəsi onun efirdə təqdim etdiyi məzmuna görə ölçülür.

Beləliklə, Azərbaycanda elmi-kütləvi və mədəni-maarif proqramlarının hazırlanması təkcə mədəniyyət nazirliyinin və ya telekanalların işi deyil. Bu, təhsil sisteminin, medianın, yaradıcı ziyalıların, QHT-lərin və gənc intellektualların birgə məsuliyyətidir. Əgər bu sahədə addımlar atılmazsa, gələcək nəsil nə Səməd Vurğunu, nə Mirzə Cəlili, nə də dili ilə fəxr edən bir xalq olduğunu xatırlayacaq. Əgər biz bugünkü nəsli məlumatsızlıq, duyğusuzluq və milli laqeydlik içində böyüdürüksə, sabah bu xalqın öz ruhunu tanıyan övladları olmayacaq. İndi qərar vermək zamanıdır - efirlərdə düşüncəni, yoxsa görüntünü üstün tuturuq? Cəmiyyət olaraq cavabımız nədirsə, gələcəyimiz də o olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər