
Azərbaycanın Səudiyyə Ərəbistanı ilə artan siyasi və iqtisadi əlaqələrinə biri də əlavə olunub- hərbi sahə. Belə ki, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır. Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.
Bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.
Səudiyyə Ərəbistanının başçılığı ilə Terrorla Mübarizə İslam Hərbi Koalisiyası 2015-ci ildə qurulub. Koalisiyaya 34 ölkə daxildir. Səudiyyə Ərəbistanı ilə yanaşı, koalisiyaya İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Bəhreyn, Türkiyə, Tunis, Sudan, Somali, Fələstin, Qətər, Küveyt, Livan, Liviya, Malayziya, Misir, Nigeriya, Yəmən daxildir. Həmçinin 10-dan çox İslam dövlətinin, o cümlədən İndoneziyanın koalisiyaya dəstək verdiyi bildirilir.
Koordinasiyası üzrə birləşmiş qərargah Ər-Riyadda yerləşir. Eyni zamanda koalisiya öz fəaliyyətini dost ölkələr və beynəlxalq təşkilatlarla da koordinasiya edir. 2016-cı ildə koalisiyadan Azərbaycana da dəvət gəlmişdi. O zamankı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İslam Koalisiyasına qoşulması barədə hələlik qərar qəbul olunmadığını demişdi. Bəzi hərbi ekspertlər də koalisiyanın konkret hədəflərinin bəlli olmadığını deyirdilər. Ona görə də Azərbaycan gözləmə mövqeyində olmalı, yeni koalisiyanın tam mahiyyətini öyrəndikdən sonra burada təmsil olunub-olunmamaq barədə müvafiq addımlar atılmasını təklif edirdilər. O zamandan 10 il keçib, dünyada çox dəngələr dəyişib. Baş Qərargah rəisinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzində olması bu baxımdan diqqət çəkir. Kərim Vəliyevin səfəri üfüqdə sözügedən koalisiyaya üzv olacağımızın görünməsi sayıla bilərmi? Üzv olmağımız maraqlarımıza tam olaraq uyğun gəlirmi? Azərbaycan bu koalisiyaya qoşularmı?
Politoloq Yusif Bağırzadə bildirdi ki, Terrorla Mübarizə İslam Hərbi Koalisiyası 2015-ci ildə qurulmasına baxmayaraq, hələ də 57 müsəlman ölkəsindən ancaq 34-nü öz ətrafında cəmləyə bilib. Bunun da müxtəlif səbəbləri var. Amma ən önəmlisi bu koalisiyanın konkret hədəflərinin bəlli olmaması ilə bağlıdır: “Düzdür, beynəlxalq terrorizm müasir dünya üçün hər zaman ciddi təhlükə olub və onunla mübarizə özündə koordinasiyalı mübarizəni ehtiva edir. Lakin indiyə kimi beynəlxalq terrorizmlə mübarizə istiqamətində ciddi koordinasiya olunmuş hansısa addıma rast gəlinməyib, o cümlədən də Terrorla Mübarizə İslam Hərbi Koalisiyasının bu istiqamətdə hər hansı uğurundan danışmaq mümkün deyil. Məsələn, bu koalisiyanın üzvü olmasına baxmayaraq keçən 10 il ərzində Türkiyənin terrorla mübarizəsinə adıçəkilən koalisiya tərəfindən hər hansı dəstək verildiyinə şahidlik etməmişik. Və ya Pakistanı götürək. Bu ölkə də İslam Hərbi Koalisiyasının üzvü olaraq terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Amma təəssüf ki, o da terrorla mübarizədə demək olar ki, təkbaşına qalıb”.
Politoloq qeyd etdi ki, başqa sözlə desək, bir çox hallarda ayrı-ayrı dövlətlərin geosiyasi maraqları beynəlxalq terrorizmə qarşı mübarizədə real nəticə əldə etməyə imkan vermir: “O baxımdan da düşünmürəm ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Səudiyyə Ərəbistanına səfəri bu məsələ ilə bağlı olsun. Azərbaycan Səudiyyə Ərəbistanı ilə müxtəlif sahələrdə kifayət qədər yaxşı əməkdaşlıq qurduğu kimi hərbi sahədə də uğurlu ikitərəfli əməkdaşlıq edə bilər. Buraya birgə silah istehsalından tutmuş, hərbi-texniki əməkdaşlığa, hətta hansısa hərbi təlimlərdə birgə iştiraka qədər çox şeyi aid etmək olar”.
Y.Bağırzadə həmçinin dedi ki, indiyə qədər İraqda, Kosovoda, Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyimiz kimi Terrorla Mübarizə İslam Hərbi Koalisiyasının ayrı-ayrı əməliyyatlarında da ölkəmizin maraqlarına cavab verdiyi halda hansısa şəkildə iştirak mümkündür: “Amma koalisiya üzvlüyü ciddi məsələdir və bununla bağlı qərar vermək üçün ciddi şəkildə düşünmək lazımdır. Elə buna görə də 2016-cı ildə koalisiyadan Azərbaycana üzvlük üçün dəvət gəlməsindən 10 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan üzv olmaq üçün qərar verməyib, gözləmə mövqeyi tutur”.
Tehsil-press.az