Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan BDU məzunu Universitetdə işlə təmin olunub

Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan BDU məzunu Universitetdə işlə təmin olunub Bakı Dövlət Universitetinin (BDU) Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan məzunu Asif Mustafayev Universitetdə işlə təmin olunub.

Asif Mustafayev 2005-ci ildə BDU-nun Hüquq fakültəsinin bakalavriat səviyyəsini bitirib. O, 2006-cı ildə hərbi xidməti başa vurduqdan sonra Ədliyyə Nazirliyində qulluğa qəbul olunub və 2013-cü ilə qədər nazirliyin yerli qurumlarında müxtəlif vəzifələrdə çalışıb, II dərəcəli ədliyyə qulluqçusu rütbəsi alıb. Asif Mustafayev 2014-2017-cü illərdə Almaniyanın Köln Universitetinin Hüquq fakültəsində “Dövlət, Avropa və beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

2018-ci ildə Vəkillər Kollegiyasının üzvü seçilən Asif Mustafayev 2019-cu ildə saathesabı qaydada BDU-nun Hüquq fakültəsinin magistratura səviyyəsinin alman dili bölməsinin tələbələrinə “Avropa ətraf mühit hüququ” və “Avropa xüsusi hüququ” fənlərini tədris edib. Asif Mustafayev 2019-cu ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Köln Universitetinin doktoranturasına qəbul olunub və 2023-cü ildə “Almaniya və Azərbaycanda kibercinayətkarlıq sahəsində qanunvericiliyin regional və beynəlxalq normativ tələblərin nəzərində müqayisəli təhlili” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2024-cü ildə Köln Universitetinin Hüquq fakültəsi tərəfindən ona hüquq doktoru elmi dərəcəsi verilib.

Asif Mustafayev 2020-ci ildən etibarən Ədliyyə Akademiyası, Baş Prokurorluğun Təlim-Tədris Mərkəzi, Vəkillər Kollegiyasının Akademiyası, Mərkəzi Bank və digər qurumlarda “Kibercinayətkarlıq”, “Uşaqların onlayn cinsi istismarı”, “Süni intellekt, hüquq və etika”, “Rəqəmsallaşma və cinayət prosesi” kimi mövzularda mühazirələr oxuyub, təlimlər keçib. O, Vəkillər Kollegiyası nəzdində yaradılmış Kibercinayətkarlıq Komitəsinin sədri, Avropa Vəkillər Kollegiyasının “Elm və Avropa hüququ” Komitəsinin, Almaniyada müxtəlif təhsil qurumlarının təmsil olunduğu Süni İntellekt İşçi Qrupunun üzvüdür. Asif Mustafayev 2016-2019-cu illərdə Almaniya Federal Miqrasiya İdarəsində tərcüməçi-mütəxəssis, 2022-2025-ci illərdə isə bu ölkənin Bremen şəhərində özəl təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olub.

Elmi-pedaqoji fəaliyyəti və təşkilati işlər üzrə bacarıqları nəzərə alınaraq, Asif Mustafayev Hüquq fakültəsinin nəzdində Hüquq klinikasının rəhbəri təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər