Dəmir Gədəbəyli kişi ömrü yaşadı...

Dəmir Gədəbəyli kişi ömrü yaşadı... Şux qamətli, ədəb-ərkanlı, ucaboy bir türk oğlu idi Dəmir Gədəbəyli. Qəlbi, ürəyi, Vətəni, xalqı, milləti, dövləti üçün döyünən və sözün əsl mənasında, vətənpərvərliyi ilə seçilən birisiydi. Adı kimi, özü də dəmir tək möhkəm, polad kimi əyilməz, sınmaz, heç vaxt verdiyi sözdən qaçmaz, əqidəsindən dönməz bir şəxsiyyət idi! Bəlkə də atası Müseyib kişi övladlarına Dəmir, Polad adını təsadüfən qoymamışdı. Görünür burada da bir həyat həqiqəti, bir tale yazısı varmış. Mən rəhmətlik Polad müəllimlə bir müddət “Kirpi” satirik jurnalında çalışmışam. Elə o vaxtdan Dəmir müəllimi də tanımışam. Sözün düzü, dostluğum, yoldaşlığım o qədər də çox olmasa da, Dəmir müəllimin özünə, şəxsiyyətinə həmişə hörmətlə yanaşmışam... Eləcə Polad müəllimə də! Mən Polad müəllimin özümə ağsaqqal bilmişəm.
Tələbə olanda ən böyük arzum “Kirpi” satirik jurnalında çalışmaq olmuşdu. Beşinci kursda oxuyanda bütün təcrübəmi “Azərbaycan Gəncləri” qəzetində keçirdim. O vaxtkı redaktor Yusif Kərimov (Allah ona rəhmət eləsin) mənim bu redaksiyada qalıb işlədiyimi istəyirdi. Ancaq qeyd eydiyim kimi mənim arzum “Kirpi” jurnalında çalışmaq idi. Allah İsrafil Rzayevin yerin behiştlik eləsin. Onun mənim üzərimdə zəhməti az olmayıb. Məni Polad müəllimlə tanış elədi... Və mən əmək fəaliyyətinə “Kirpi” jurnalından başladım. Heç vaxt bu xeyirxahlığı və yaxşılığı unuda bilmərəm. Polad müəllimə mən həyatım boyu minnətdaram. “Azərbaycan” Nəşriyyatında çalışan jurnalistlərin hamısı Polad Qasımova hörmətlə yanaşırdılar. Hər yerdə ona böyük höpmət, ehtiram göstərilərdi, mətbuatımızın ağsaqqalı idi. Allah rəhmət eləsin. Polad müəllim həyatdan tez getdi. Neynəmək olar yazıya-pozu yoxdur deyiblər... Amma onu bilirəm ki, bu gün də, sabah da Polad müəllimin xatirəsi onu sevənlərin qəlbində, ürəyində həmişə yaşayacaqdır!
Dəmir müəllim “Azərbaycan” nəşriyyatına az-az gələrdi. Onu sevən, xətrini istəyən dostları, həmkarları ilə görüşüb tez də ayrılardı. O, təpədən dırnağa qədər Vətən sevgisi ilə yoğrulmuş, bulaq suyu qədər saf, təmiz bir insan idi. Ədəbiyyatı, şeriyyatı çox sevərdi. Tale onu əsl şair yaratmışdı. Deyirlər, şairlər Allaha yaxın olurlar...
Dəmir Gədəbəyli də uca Tanrıya yaxın, qəlbən bağlı insan idi. O, insanlığa, insaniyyətə o qədər dəyər verən idi ki, istəməzdi qarışqanı belə ayaqlamasın. Çalışardı ki, kimsəyəsə əl tutsun, kiminsə dadına çatsın, ona müraciət edənləri naümid qaytarmasın.
Dəmir Gədəbəyli qəlb, ürək şairi idi. Yüzlərlə qəlbi, ürəyi riqqətə gətirən şeirlərin, nəğmələrin müəllifi idi. Onun şeirlərinə bəstələnmiş mahnıları çoxumuz dinləmişik. Təbiət, gözəllik aşiqi idi. Söhbətindən doymaq olmurdu. Söhbətinin başlanğıcı da, sonu şeirlə olardı...
Dəmir müəllim doğulub, boya-başa çatdığı Gədəbəyi müqəddəs bir yurd hesab edirdi. Əlbəttə, bunu təbii qəbul etmək lazımdır. Əgər bir kəs öz el-obasını, kəndini, rayonunu sevmirsə, o, ölkəsini də millətini də sevə bilməz. O, Gədəbəy təxəllüsünü heç də təsadüfi seçməmişdi. Bu, heç şübhəsiz ki, məsuliyyətli bir seçim idi. Gərək sən ilk növbədə o ada layiq olasan, o adı daşımağa sənin mənəvi haqqın olmalıdır. Təxəllüs götürmək olar, heç kəs sənə bunu qadağa edə bilməz. Lakin o adı doğrulmağı da bacarmalısan. Dəmir Gədəbəyli bu ada, bu təxəllüsə layiq oldu. Bu adı doğrultdu, bu adı kişi kimi daşımağı bacardı.
Dəmir Gədəbəyli həm də alim idi. Bir neçə ali təhsil ocaqlarında dərs deyirdi kafedra müdiri, fakültə dekanı vəzifələrində çalışırdı.
Tələbələri, müəllim yoldaşları onu sevdi, daha doğrusu o özünü tələbələrə, kolleəktivə sevdirə bildi... Bu sevgini qazanmaq da hər kəsə müəssər olmur. Əlbəttə, müəllim adı şərəfli olduğu qədər də məsuliyyəlidir, Dəmir müəllim bu ada da - müəllim adını da şərəflə daşıdı...
Dəmir müəllim doğulduğu Gədəbəyin Ataxal kəndini çox sevirdi, tez-tez kəndə gedərdi, el-obası ilə, kənd camaatı ilə ünsiyyətdə olardı, onların dərd-sərlərinə, sevinclərinə şərik olardı.
İndi Dəmir Gədəbəyli haqq dünyasındadır. Yeri cənnət, ruhu şad olsun. O, cismən həyatda olmasa da onu sevənlərin, tanıyanların qəlbində həmişə yaşayacaq, dillər əzbəri olan şeirləri, şeirlərinə bəstələnən mahnıları, nəğmələri yaddaşlardan silinməyəcəkdir. Necə ki, həyat var, həyat qədər dəyərli olan nəğmələr Dəmir Gədəbəylini qəlblərdə, ürəklərdə yaşadacaqdır.
Allah rəhmət eləsin, ruhun şad, yerin cənnət olsun, Dəmir müəllim!!!

Əkbər Hüseynzadə


Oxşar xəbərlər