İlahiyyatçıhar niyə işsiz qalıb

İlahiyyatçıhar niyə işsiz qalıb İşsizlik problemi demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur. Hər ölkədə bu problemi müxtəlif yollarla aradan qaldırmağa çalışırlar. Bunun üçün sosial sorğular keçirilir, statistik hesablamalar aparılır, planlamalar gerçəkləşdirilir. Bizdə isə bu problemin çox bəsit həll yolu var- digər problemlər kimi bunu da qulaqardına vurmaq! Əlbəttə bu işə cavabdeh olan aidəti qurumlardan başqa bir hərəkət gözləmək də məntiqsizlikdir.
Vətənpərvərlikdən dəm vuraraq ana dilinin önəmindən, dilimizin saflığının qorunub saxlanmasının vacib olduğundan ağız dolusu danışan “patriotlarımızın” övladları orta və ali məktəblərdə hər nədənsə əcnəbi dillərdə təhsil alırlar. Azərbaycanda təhsil aldığı ali məktəbin diplomu ilə işə düzəlmək istəyən mütəxəssislərdən xarici dil bilmələri və xarici dövlətlərdən alınmış sertifikatlar tələb olunur. Axı işə götürən şirkət mütəxəssisinin hansı savada malik olduğunu yaxşı bilir. Necə deyərlər: “Pir mənimdir, kəramətinə bələdəm”. Orta və ali məktəblərdə rüşvətə alışdırılan gənclər işi də bu üsulla tapmağa məcbur olurlar. Lakin bu da hamısı deyil. Gənclərin əksəriyyəti öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Dövlət qulluğuna qəbul imtahanında aşağı bal toplayan gəncdə qəbahət axtaran dövlət hər nədənsə bu qəbahəti doğuran səbəbi araşdırıb ortadan qaldırmaq istəmir. Nəticədə diplomlu cahil kütlə formalaşır. Bu kütlənin arasından pulu və adamı olan gənclərin bir qismi ixtisası üzrə işlə təmin olunur və əsl bəla burada başlayır. Savadsız müəllim özü kimi savadsız şagird və tələbə yetişdirir, savadsız həkim amansız cəllad kimi xalqı qanına qəltan edir, savadsız mühəndis ucuz başa gəlib baha qiymətə camaata satılan yararsız bina inşa edir və s. Lakin bu sistemi formalaşdıran “patriotlar” özləri xaricdən gətirdikləri mühəndislərin tikdiyi sağlam təməlli binalarda yaşayır, övladlarını təhsil üçün xarici dövlətlərə göndərir və xəstələndiklərində nədənsə özlərinin yetişdirdikləri həkimlərə deyil, xarici klinikalara və ya xaricdən dəvət etdikləri həkimlərə müraciət edirlər.
Işsiz qalmış gənclərin çoxu müxtəlif yollarla pul qazanaraq bir təhər dolanmağa çalışırlar. Bəzən hüquqşünas taksi sürür, həkim toyda tamadalıq edir, ilahiyyatcı xalqa bahalı firma dərmanları sırımağa çalışır, müəllim bazarda meyvə-tərəvəz satır, iqtisadçı gecə klubunda dj-lik edir və s. Təbii ki,burda ayıb bir şey yoxdur. Halal qazanc hər zaman baş ucalığıdır. Lakin savadlı bir həkimin yeri toyxana deyil, klinikadır. Savadsız həkim isə olmamalıdır. Daha doğrusu savadsız mütəxəssislərin meydana çıxmasına zəmin yaradılmamalıdır. İlahiyyatcı demişkən qeyd etmək lazımdır ki, işsizlər ordusunun bir qolu da ilahiyyatçılardır. Yas məclislərini idarə edən, dəfn mərasimini icra edən, dua yazan, kəbin kəsən, talaq verən mollalardan fərqli olaraq ali təhsilli ilahiyyatçılar orta və ali məktəblərdə, həmçinin araşdırmaçı alimlər elmi tədqiqat mərkəzlərində işləməlidirlər. Lakin nə orta məktəblərdə dini təhsil verilir, nə də ilahiyyat sahəsində elmi tədqiqat mərkəzləri açılır. İlahiyyatçılarla bağlı xalqda da yanlış təsəvvür formalaşır. Çox vaxt ilahiyyatçılarla mollaları eyni gözdə görürlər. Halbu ki, Azərbaycanda Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (yeri gəlmişkən bu idarənin özünün elmi-dini işlərini görən işçilərinin böyük əksəriyyəti ilahiyyatçı deyil, şərqşünaslardır) bağlı olan mollaların vəzifəsini icra etmələri üçün ali təhsil almağa, Ərəb dilini öyrənməyə və dərin dini biliklərə yiyələnməyə ehtiyac yoxdur. Bunun üçün Quran-i Kərimi üzündən Ərəb əlifbası yaxud da transkripsiya ilə birtəhər oxumaq, yas məclislərində qeyri-elmi lakin camaatın diqqətini cəlb edən söhbətlərlə məclisi idarə etmək, yanıqlı səslə ağı deyərək camaatı ağlada bilmək yetərlidir. İllərlə ali təhsil almış ilahiyyatçılar isə iş tapa bilmədiklərindən meydanı bu cür cahil mollalara verməli olurlar. Orta məktəbdə din dərslərinin keçirilməməsi həm ilahiyyatçıların işsiz qalmasına, həm də uşaqların, gənclərin və bütövlükdə xalqın dini yöndən savadsızlığına, bu isə öz növbəsində mollaların “meydan sulamasına” gətirib çıxarır. Buna görə də camaat ilahiyyatçıların elmi fikirlərini inkar edən mollaların din adına uydurduqları nağıllara inanırlar. Bir çox hallarda camaat mollaların təhriki ilə yeni elmi-dini fikirlər ortaya qoyan ilahiyyatçıları “kafir”, “mürtəd” gözündə görür.
Çox zaman ilahiyyatçıları ali məktəblərə də yaxın buraxmırlar. İslam dininin əsaslarını, Quran-i Kərimi, din tarixini çox vaxt ilahiyyatçılar deyil tarixçilər, şərqşünaslar və qeyri - ixtisas müəllimləri tədris edirlər.
Xaricdə təhsil alıb gəlmiş ilahiyyatçılar dövlət işlərinə qəbul edilmir, güc strukturları tərəfindən sıxışdırılır, təqiblərə məruz qalırlar. Xaricdən elmi-dini kitab gətirmək müşkül məsələyə çevrilib. Tədqiqatcı araşdırdığı mövzuya dair ədəbiyyatı sifariş verib ölkəyə gətirməkdə böyük çətinliklərlə üzləşməli olur.
Ölkədə dini ədəbiyyatın nəşr edilməsi də ayrı bir problemdir. Bunun üçün müəyyən qurumların xüsusi razılığı olmalıdır.
Bəzən elmi araşdırmalar aparan ilahiyyatçıların ortaya qoyduqları yeni fikirlər mollalar və onlara inanan kütlə tərəfindən “bidət” olaraq qəbul edilir həmin ilahiyyatçılar ölümlə hədələnirlər.
Bütün bu sıxıntıların aradan qaldırılması üçün isə dəvlət qurumlarının hərəkətə keçməsi vacib məsələlərdən biridir.

Elşən Musayev,
İlahiyyat üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər