Avtoritetlər niyə sevilir?

Avtoritetlər niyə sevilir? Son zamanlar avtoritetlərlə bağlı xəbərlər ölkə saytlarının ən baxımlı yerində və ən çox oxunanlar sıyahısında olur. Əksəriyyət, xüsusilə, yeniyetmə və gənclər onlardan danışır və oxuyur. Avtoritetlərlə bağlı xəbərləri belə oxunaqlı edən nədir?
Psixoloq Vəfa Rəşidovanın “Ekspress”ə bildirdiyinə görə, avtoritetlərə meyl hər zaman olub: “Elə insanlara qəhrəman kimi baxırlar. Çünki o insanlar özlərini qəhrəman kimi göstəriblər. Bir var portretdə nə görürsünüz, bir də var portretdə rəssam nə göstərib. Belə insanlar “mən kasıb insanlara kömək edirəm”, “kiminsə işini həll etdim”, “mən mərd oğlanam” düşüncəsi ilə özlərini cəmiyyətə göstərirlər.
İdarə olunan, dünyagörüşü dar olan, tarixi az oxuyan insanlar avtoritet deyilən insanları bir az ilahiləşdirir, bütləşdirirlər. Bəli, bu gün yeniyetmə və gənclərə baxsaq, hansısa avtoritetin həyatını izlədiyini, onun kimi davranmaq istədiyini, onu öz üzərinə obraz kimi seçdiyini görərik. Onlar zaman gözləyir ki, nə vaxtsa onların həyatlarını yaşasınlar. Bu: xüsusən, yeniyetmə və gənclərdə olur”.
Rəşidova qeyd edib ki, adətən insanlar belə adamları mifləşdirməyi sevirlər: “Təəssüf ki, çox hallarda insanlar adi şeyləri, bəzən də neqativ hadisələri ilahiləşdirməyə meyl göstərirlər. Nəyi və kimi mifləşdirdiklərinin fərqinə varmırlar. Bu, çox qəribədir. Doğrusu, bəzən insanların bu qədər bəsit düşündüyünə heyrət edirəm”.

Avtoritetlər niyə sevilir?

Məsələnin sosio-psixoloji tərəfinə gəlincə, psixoloq deyir ki, cəmiyyətdə özünə inamsız insanlar daha çoxdur. Kütlənin hansısa nüfuzlu, məşhur şəxsiyyəti bütləşdirdiyini görüb, o da kütləyə qoşulur. Kriminal avtoritetlər də bu sıradandır. “Bilmirəm, belələrinin cəmiyyətə nə faydası dəyib? Kitab yazıb, jurnal çıxarıb, insanları maarifləndiriblər? Bəlkə, 5 nəfərin həyatını qutarıb, əsgər gedib, şəhid olublar?”
Psixoloq Babək, Koroğlu kimi əsl qəhrəmanların kriminal avtoritetlərlə əvəzlənməsinə mənfi tendensiya kimi yanaşdığını deyib.
Psixoloq Raminə Həsənova bildirib ki, Azərbaycan uşaqları asılı xarakterdə böyüdülür: “Xüsusilə xanımlar. Ona görə də bizim insanlar kimsə nəyisə sərt şəkildə deyirsə, ona tabe olmaq istəyini özündə hiss edir. Əsasən, bir neçə şəxsiyyət tipləri var ki, onlarda bu meyl daha güclüdür. Döymə vurduranlar, sözlərini deyənlər, sərt olanlar, aqressiv olanlar bu cür hərəkətləri etdikdə özlərini şəxsiyyət kimi hiss edirlər”,-deyən psixoloq hesab edir ki, əslində bu, bir xəstəlikdir. Dediyinə görə, özlərini bəyənənlər, narsizm xüsusiyyətləri olan insanlarda bu cür davranışlara meyl olur. Özlərinə kimisə tabe etdirməkdən xoşları gəlir.
R.Həsənova qeyd edib ki, özgüvənləri yüksək olan insanlar çox şey edə bilirlər: “Ətraflarında olan insanlar onlara həsədlə baxır. Məsələn, kimsə sirkdə şirlə məşqçiyə baxanda deyir ki, “mən heç şirə yaxın gedə bilmirəm. Gör, şirlə necə bacarır?!” Şagird müəlliminə necə qibtə ilə baxırsa, yeniyetmə və gənclər də qanuni oğrulara elə baxır. Onların həyat tərzini öz üzərinə köçürənlər də olur”.

Tehsil-press.az


Oxşar xəbərlər