
Bu, kiber cinayətkarlığın həqiqətən azalması, yoxsa xəbər axınının dəyişməsi ilə əlaqədardır?
Informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev deyib ki, bu cür məlumatların azalması görülən effektiv tədbirlərlə bağlıdır:
“Azərbaycan Mərkəzi Bankı (AMB) və onun nəzarət subyektləri fırıldaqçılığa qarşı mübarizə mərkəzləri, işçi qrupları yaradıb. Eyni zamanda, vətəndaşların məlumatlılıq səviyyəsi artıb. Çünki banklar, ödəniş təşkilatları sosial media platformaları vasitəsilə maarifləndirmə işləri aparırlar. Daxili İşlər Nazirliyi və digər dövlət qurumları da bu istiqamətdə tədbirlər görür. Bundan başqa, AMB və kommersiya banklarının dələduzluqla mübarizə şöbələri qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Ən mühüm amil vətəndaşların maariflənməsidir. Artıq insanlar bilirlər ki, bank kartlarından vəsait hansı hallarda çıxıla bilər, buna görə də kart və şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmır, sosial mühəndislik hücumlarına qarşı daha diqqətli davranırlar”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu, kibertəhlükəsizlik sahəsində müsbət nəticələrin əldə edildiyini göstərir:
“Lakin bu azalma tendensiyasına ehtiyatla yanaşmaq lazımdır. Təcrübə göstərir ki, müxtəlif dövrlərdə belə enişlər müşahidə olunsa da, sonradan yeni ssenarilərlə artım halları baş verir. Azalmanın əsas səbəbləri kimi bankların təhlükəsizlik sistemlərinin gücləndirilməsi, süni intellektə əsaslanan monitorinq alətlərinin tətbiqi və əhalinin rəqəmsal savadlılığının artması göstərilə bilər. İndi bir çox banklar əməliyyatların avtomatik risk analizi, iki faktorlu identifikasiya və real vaxtda tranzaksiya nəzarəti kimi vasitələrdən geniş istifadə edir”.
Mütəxəssis qeyd edib ki, azalmalar sabit təhlükəsizlik göstəricisi deyil, daha çox dövri tendensiyadır:
“Kibercinayətkarlar daim yeni üsullar, sosial mühəndislik və fişinq ssenariləri üzərində işləyirlər. Ona görə də kibertəhlükəsizlik mədəniyyətinin davamlı inkişaf etdirilməsi əsas prioritet olmalıdır. Həm bank sektorunda, həm də istifadəçilər səviyyəsində texniki biliklərin artırılması, maarifləndirmə və qabaqlayıcı tədbirlərin tətbiqi gələcəkdə risklərin minimuma endirilməsində mühüm rol oynayacaq”.
Tehsil-press.az