“Bu toydur, burda neyləmək lazımdır?” – Kinomuzun 2 problemi

“Bu toydur, burda neyləmək lazımdır?” – Kinomuzun 2 problemi “Yaxşı filmin çəkilməsi üçün 4-5 faktor var. Ssenari, ssenari, ssenari, ssenari və pul”. Bunu aktyor Türkay Cəfərli deyib. “Mədəni şou” proqramında qonaq olan aktyor həmkarlarının mövcud şəraitdən narazı qalsalar da, layihələrdə iştirak etmələrini tənqid edib: “Kino əslində yaxşı biznesdir, sadəcə. bizdə hələ bazar iqtisadiyyatına tam uyğunlaşmayıb. Əgər ayrılan büdcə və yazılan ssenari keyfiyyətli olsa, Azərbaycanda da yaxşı filmlər çəkmək mümkündür. Müəyyən irəliləyişlər var, amma bu, hələ maksimum 30 faizdir. Çünki problem bir qədər də özümüzdən qaynaqlanır”.

Onun sözlərinə görə, əsas məqsəd kütlənin düşüncə tərzini dəyişmək olmalıdır:

“Təəssüf ki, bəzən büdcə və ssenari ilə bağlı problemlər - hətta sui-istifadə halları - film sahəsinin inkişafına mane olur. Bəzi aktyorlar mövcud vəziyyətdən narazı olduqlarını desələr də, yenə həmin layihələrdə iştirak edirlər. Problem də məhz bundadır. Heç kim ac deyil, insan başqa sahədə də işləyə bilər. Amma həm şikayət edirlər, həm də gedib o layihələrdə həvəslə iştirak edirlər - bəzən elementar şəraitlə razılaşıb, öz geyimləri ilə çəkilirlər. Əgər çəkiliş meydançasında hər kəs öz işini düzgün yerinə yetirsə və artıq səmimiyyət yox, peşəkarlıq ön planda olsa, nəticə daha yaxşı olar”.

Aktyor tənqidində haqlıdırmı? Doğrudanmı əsas problem yaxşı ssenari və pulla bağlıdır? Son 10-15 ildə ölkədə çəkilən az-çox uğurlu film və serial hansıdır?

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin Musavat.com-a bildirdiyinə görə, yaxşı kino çəkmək üçün çox şeyə ehtiyac var, o cümlədən pul və ssenariyə:

“Əlbəttə ki, ssenari çox vacibdir. Hazırda yaxşı ssenaristlər demək olar ki, yoxdur. Əgər olsaydı, filmlər də çəkilərdi".

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov isə qeyd edib ki, yaxşı film üçün ilk növbədə güclü ssenari əsas şərtdir:

"Ssenari filmin təməli, fundamentidir. Yəni fundament olmayan yerdə, əlbəttə ki, bina tikmək çətin olur. Amma bu, təkcə bizim problemimiz deyil. Ssenari məsələsi ümumdünya problemidir. Hazırda dünya hadisələrinin çox sürətlə və kəskin şəkildə dəyişdiyi bir dövrdə yaşayırıq, bu isə ssenariyə də birbaşa təsir göstərir. Ona görə də, ssenari problemi qlobal xarakter daşıyır. Doğrudur, ssenarinin mükəmməl və keyfiyyətli olması, onun üzərində ardıcıl və peşəkar şəkildə işlənməsi, artıq rejissora təqdim olunacaq mərhələdə tam yetkin və hazır vəziyyətə gətirilməsi son dərəcə vacibdir. Beləliklə, birmənalı şəkildə demək olar ki, yaxşı film üçün güclü ssenari əsas şərtdir”.

Elxan Cəfərov həmçinin bildirib ki, maliyyə amili də son dərəcə əhəmiyyətlidir:

"Məlum olduğu kimi, kino bahalı sənət sahəsidir. Xüsusilə də tarixi filmlər daha böyük büdcə tələb edir. Məsələn, bir neçə gün əvvəl bu məsələni müzakirə edərkən qeyd olunurdu ki, “Dədə Qorqud” filmi üçün kifayət qədər böyük vəsait xərclənib. Ümumilikdə filmin kontingenti, istehsal qrupunun genişlənməsi, peşəkar mütəxəssislərin cəlb olunması birbaşa maliyyə ilə bağlıdır. Digər mühüm məqam isə zamandır. Zaman öz-özlüyündə maliyyə deməkdir. Bir tərəfdən texniki problemlərin həlli, əməkdaşların qonorarlarının ödənilməsi kimi xərclər var, digər tərəfdən isə istehsalat prosesinin müddəti uzandıqca xərclər də artır. Bu amil də son dərəcə əhəmiyyətlidir".

Kinorejissor həmçinin qeyd edib ki, son illər istehsal edilən bədii filmlərin sayı artmaqdadır:

"Bildiyiniz kimi, 2015-ci ildən etibarən Azərbaycanda kino istehsalı müəyyən qədər zəifləmə mərhələsinə daxil olmuşdu. Lakin hazırda bu sahədə yenidən canlanma müşahidə olunur. Artıq ildə 4-5, hətta bəzi hallarda 10-a qədər bədii filmin istehsalı planlaşdırılır. Bu isə öz növbəsində peşəkar kadrların yetişdirilməsi məsələsini daha da актуallaşdırır. Çünki kino yalnız rejissor, ssenari müəllifi və operatordan ibarət deyil, bu sahədə çoxsaylı digər ixtisaslar mövcuddur və hər biri üzrə peşəkarların hazırlanmasına ehtiyac var.

Bu istiqamətdə iki əsas yanaşma mövcuddur: birincisi, mütəxəssislərin xaricdə uzunmüddətli təhsil alması üçün şərait yaratmaq; ikincisi isə onların birbaşa istehsalat prosesində, yəni çəkiliş meydançasında təcrübə qazanmasını təmin etmək. Təcrübə göstərir ki, çoxsaylı filmlərin çəkilişi peşəkarların formalaşmasına birbaşa təsir edir və onların praktiki biliklərini artırır.

Beləliklə, yaxşı filmin ərsəyə gəlməsi üçün üç əsas amil həlledicidir: güclü və işlənmiş ssenari, kifayət qədər maliyyə resursları və yüksək peşəkarlığa malik istehsal qrupu. Bu üç amilin vəhdəti keyfiyyətli kino məhsulunun yaranmasının əsasını təşkil edir".

Tehsil-press.az

Oxşar xəbərlər