Məktəblilərə ev tapşırığı LƏĞV oluna bilər – Ağır çantalara ƏLVİDA?

Məktəblilərə ev tapşırığı LƏĞV oluna bilər – Ağır çantalara ƏLVİDA? Azərbaycanda ibtidai siniflərdə ev tapşırıqlarının ləğvi ilə bağlı müzakirələr davam edir. Lakin Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bu təşəbbüsün tam tətbiqi ehtimalı böyük deyil. Onun sözlərinə görə, birinci siniflərdə qiymətləndirmə sistemi yoxdur, ona görə də ev tapşırıqları məcburi tələb deyil. Lakin bəzi hallarda həddindən artıq akademik iş yükü valideynlərin narazılığına və uşaqların öyrənməyə marağının azalmasına səbəb olur.

O qeyd edib ki, aşağı siniflərdə ev tapşırıqları ya tamamilə aradan qaldırılmalı, ya da minimuma endirilməlidir. O, həmçinin əsas məqsədin uşaqların motivasiyasını qorumaq və onların düşüncə bacarıqlarını inkişaf etdirmək olduğunu vurğulayıb. Ev tapşırıqları ləğv olunarsa və ya minimuma enərsə, məntiqlə dərslikləri evə gətirməyə də ehtiyac qalmayacaq. Bu da balacalar üçün ağır çanta probleminin həlli demək olardı. Mümkünmü? Başqa dövlətlərin (Avropa, ABŞ, Türkiyə) nə deyir?

Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a deyib ki, həm aşağı siniflərdə, həm də yuxarı siniflərdə ev tapşırıqları həddən artıq çox verilir. Onun dediyinə görə, hətta tətil dövründə belə şagirdlər ev tapşırıqları ilə çox yüklənir. “Düşünürəm ki, dünya təcrübəsi ilə müqayisədə bəzi ölkələrdə ev tapşırıqları ya məhdud sayda tətbiq olunur, ya da fərqli formada təşkil edilir. Məsələn, Finlandiyada şagirdlər məktəbdə ev tapşırıqlarını yerinə yetirirlər. Bizdə də bu prinsipi qarşıdakı illərdə tətbiq etmək olar”,_ ekspert təklif edib.

Onun fikrincə, xüsusilə şagird sıxlığı azaldıqdan və ikinci növbəli tədris aradan qalxdıqdan sonra məktəblərdə şagirdləri dərsdən sonra əlavə müddətdə saxlayaraq ev tapşırıqlarını yerindəcə yerinə yetirmələrinə şərait yaratmaq mümkündür. Ekspert deyib ki, hazırkı vəziyyətdə əsas məsələ şagirdlərin ev tapşırıqları səbəbindən özlərini yorğun və həvəssiz hiss etmələrinin qarşısını almaqdır: “Bu baxımdan ev tapşırıqları ya məhdudlaşdırılmalı, ya da daha yaradıcı və yüngül formada verilməlidir. Məsələn, şagird evə getdikdən sonra müşahidəyə əsaslanan kiçik yazılar, esse tipli tapşırıqlar və ya konkret bir mövzu üzərində düşünməyə yönəlmiş fəaliyyətlər daha məqsədəuyğun hesab olunur.

Yuxarı siniflərə gəldikdə isə (7–11-ci siniflər), məlumdur ki, bu mərhələdə şagirdlərə verilən tapşırıqların həcmi daha çoxdur, hazırlıqlardır. Hər fənn üzrə verilən tapşırıqlar onların üzərinə əlavə yük yaradır. Xüsusilə imtahan fənləri üzrə tapşırıqların çoxluğu bəzən şagirdlərin yorulmasına və tədrisdən uzaqlaşmasına səbəb olur. Bu səbəbdən ev tapşırıqlarının optimallaşdırılması və müəyyən qədər azaldılması vacibdir. Bu, həm də şagirdlərin məktəb çantalarının ağırlığının azalmasına gətirib çıxara bilər və ümumi yükü yüngülləşdirər”.

Ekspertə görə artıq rəqəmsal məktəb platformalarının tətbiqi genişlənməkdədir:

“Gələcəkdə ev tapşırıqlarının da rəqəmsal formada təqdim olunması daha məqsədəuyğun ola bilər. Şagirdlər şəxsi hesablarına daxil olaraq tapşırıqları yerinə yetirə və müəllimlər tərəfindən dərsdən sonra yoxlanılıb qiymətləndirilə bilər. Məsələn, İsraildə bu cür yanaşma tətbiq olunur. Bu, həm əlavə yükün azaldılmasına, həm də kağız istifadəsinin minimuma endirilməsinə xidmət edir”.

Tehsil-press.az

Oxşar xəbərlər