
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.
Məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.
O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur
R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.
Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.
Bəzi ehtimallara görə, Cinayət Məcəlləsinin ən ağır maddəsi olan 274-cü (Dövlətə xəyanət) maddə ilə təqsirləndirilən R.Mehdiyev sahib olduğu yüksək dövlət təltiflərindən məhrum edilə bilər. Bu, məhkəmənin qərarı ilə baş verə bilər.
Tehsil-press.az