Kərə yağı alarkən nələrə diqqət yetirilməlidir? - EKSPERT

Kərə yağı alarkən nələrə diqqət yetirilməlidir? - EKSPERT Azərbaycanda insanları narahat edən məsələlərdən biri də heyvan mənşəli yağların tərkibinin nə dərəcədə təmiz olmasıdır. Mağazalarda satışda olan yağların həm qiyməti, həm də tərkibi bir-birindən fərqlənir. Adətən bahalı yağların daha keyfiyyətli və az zərərli olduğu bildirilir. Bu da istehlakçıların seçimində qiymət və sağlamlıq amilinin önəmini artırır.

Marketlərdəki bəzi yüksək yağ qiymətləri belədir:

“NEWLAND” kərə yağı 1 KQ- 23.50 AZN
“WESTGOLD” kərə yağı 1 KQ -25.90 AZN
“ANCHOR” kərə yağı 1 KQ- 23.99 AZN
“GOLDEN CROWN ” kərə yağı 1 KQ -24.95 AZN
“BEST COW” kərə yağı 1 KQ-23.49 AZN
“SLAVYANSKOE” kərə yağı 1 KQ 82.5%- 21.90 AZN
“PINAR” kərə yağı 1 KQ - 30.00 AZN
“NOVAYA ZEMLYA” kərə yağı 1 KQ 82%- 18.90 AZN
“AZER SUD” kərə yağı 83% 1KQ-22.55 AZN

Bəs insanlar yağ alarkən ən çox nəyə diqqət etməlidir?

Bununla bağlı açıqlama verən qida eksperti Fərid Səfərov son vaxtlarda yağ məhsulları ilə bağlı həm qiymət fərqləri, həm də “təbii” adı altında satılan məhsulların keyfiyyətinin insanlarda ciddi narahatlıq yaratdığını dedi.

Ekspert yağ seçərkən əsas diqqətin təkcə dad və qiymətə deyil, həm də sağlamlıq və keyfiyyətə yönəldilməsinin vacib olduğunu vurğuladı.

Onun sözlərinə görə, satılan yağın üzərində “hidrogenləşdirilmiş yağ”, “trans yağ”, “palm yağı” və ya “marqarin” kimi ifadələr varsa, həmin yağdan uzaq durmaq lazımdır:

"İstehsalçı və mənşə ölkə faktoru da önəmlidir. Tanınmış, etibarlı brendlərin yağları adətən daha ciddi keyfiyyət nəzarətindən keçir. Etiketdə istehsal və son istifadə tarixi aydın yazılmalıdır. Təmiz yağda yanıq, acı və ya süni qoxu hiss olunmamalıdır. Əgər qızdırıldıqda kəskin qoxu yayılırsa, bu keyfiyyətsiz və ya çoxqatlı emaldan keçmiş yağdır. Bahalı yağ həmişə təmiz demək deyil, lakin çox ucuz yağların tərkibində adətən qarışıq və ya texniki mənşəli komponentlər olur. Həddən artıq ucuz məhsul şübhə doğurmalıdır”.

Əhali arasında yağların bahalaşmasından sonra nehrə yağına da maraq artıb. Bir çoxları onun digər yağlara nisbətdə daha xeyirli olduğunu bildirirlər. Lakin bu iddianın nə dərəcədə doğru olduğu və belə yağların həqiqətən təmiz olub-olmadığı sual doğurur.

Nehrə yağı həqiqətən digər yağlardan daha faydalıdırmı? Onun təmizliyini müəyyən etmək üçün alıcılar nəyə diqqət etməlidirlər?

F. Səfərov qeyd edib ki, nehrə yağı əsasən kənd şəraitində, qaymaqdan və ya təzə süddən alınan yağdır. Ekspertin sözlərinə görə, nehrə yağı əgər doğrudan da təbii və düzgün hazırlanıbsa, o, A vitamini, E vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olur.

Həmsöhbətimiz nehrə yağı adı altında çox vaxt bitki yağı ilə qarışdırılmış marqarin və ya kərə yağı imitasiyalarının satıldığını əlavə etdi:

“Bu yağlar həddən artıq doymuş yağ tərkibli olduğuna görə, xolesterolu yüksək olan şəxslər üçün riskli ola bilər. Əgər süd mənbəyi sağlam heyvandan deyilsə, yağın tərkibində toksinlər və antibiotik qalıqları ola bilər”.

Onun fikrincə, təmiz nehrə yağı otaq temperaturunda yumşaq, lakin tam əriyən olmur:

“Əgər çox tez əriyirsə və ya maye halına gəlirsə tərkibində bitki yağı ola bilər. Təbii nehrə yağı südün, qaymağın xoş qoxusunu verir. Yanıq, kimyəvi və ya marqarinə bənzər qoxu varsa, bu qarışıq yağdır. Həmçinin, təmiz nehrə yağı qızdırıldıqda köpüklənmir, xoş süd qoxusu yayır. Qara qalıq, yanıq qoxusu və ya tüstülənmə yaranırsa, həmin yağ saxtalaşdırılmışdır.

Həqiqi nehrə yağı ucuz ola bilməz. Çünki onun istehsalı xeyli süd və əmək tələb edir. Əgər nehrə yağı adı altında satılan yağın bir kiloqramı 10-15 manata təklif olunursa, çox güman ki, o, təmiz deyil”.

Tehsil-press.az

Oxşar xəbərlər