11 azərbaycanlı sürücünün vəziyyəti ağırdır: Onlara yemək verilmir…

11 azərbaycanlı sürücünün vəziyyəti ağırdır: Onlara yemək verilmir… Oktyabrın 17-də Çeçenistan ilə Dağıstan arasındakı Qrezink məntəqəsində bir neçə azərbaycanlı sürücü saxlanılıb. Onlar Rusiya Federasiyasının qanunlarını pozduqları iddia edilərək, ilkin olaraq Novaltaniski polis şöbəsinə aparılıb. Sürücülərin qohumu Layiq Qədirov saytımıza açıqlamasında bildirir ki, bu sürücülər Rusiya ərazisində qalma müddətinin keçdiyi və güya ölkəyə qeyri-qanuni yolla daxil olduqları bildirilib.

Layiq Qədirov, saxlanılan sürücülərdən birinin 4, digərlərinin isə 10 gündür saxlanıldığını bildirib. Onların Rusiyaya qeyri-qanuni daxil olmaları və qanunsuz işləmələri ilə bağlı təxmin edilən ittihamlarla bağlı sənədlər hazırlanıb, lakin həmin sənədlər məntəqədə ciddi qüsurlarla təqdim olunub.

“Sürücülər bir gün polis şöbəsində saxlanıldıqdan sonra onlara miqrasiya xidmətinin nümayəndələrinin gəlib, onları deportasiya etməyə hazır olduqları bildirilib. Oktyabrın 20-də, bu sürücülər Mahaçqala şəhərinə gətirilərək orada xüsusi saxlama məntəqəsinə yerləşdirilib. Lakin, məntəqə onları qəbul etməyib. Səbəb olaraq sənədlərdəki qüsurlar göstərilib.” -deyə Qədirov bildirib.

“Növbəti addımda, sürücülər Dərbənd rayonu, Qasımkən qəsəbəsindəki xüsusi saxlama məntəqəsinə göndəriliblər. Burada onlara bildirilib ki, 90 günlük həbs qərarı çıxarılıb. Ancaq sürücülər heç bir məhkəmə prosesi olmadan bu cəzanı alıblar və heç bir hakim qarşısına çıxarılmayıblar. Aldığım məlumata görə bu saxlanma məntəqəsindəki vəziyyəti çox pis və bərbaddır. Məntəqə daha çox narkomanlar, küçə həyatını yaşayan insanlar və içki aludəçiləri ilə doludur. Azərbaycandan olan sürücülərin həmin şəraitdə saxlanılması, həm qanunsuz, həm də insana qarşı qeyri-insanidir. Sürücülərin yaxınları, onlara ərzaq göndərmək istəsələr də, bu cəhdlər uğursuz olub. 25 min rubla ( 340 AZN) bərabər ərzaq göndərilsə də, bu ərzaqlar məntəqə nəzarətçiləri tərəfindən mənimsənilib. Yalnız ayaqqabı və süd verilib.”-deyə Layiq Qədirov bildirib.

Layiq Qədirov bildirib ki,bu məsələnin yaxın zamanlarda rəsmi şəkildə araşdırılması və düzgün hüquqi tədbirlərin görülməsi vacibdir.

Maraqlı bir məqam isə hələ də nə Xarici İşlər Nazirliyi, nə digər aidiyyatı qurumlar həbsdə saxlanılan bu sürücülərlə maraqlanmayıb. Mövzuya qayıdacayıq.

Tehsil-press.az

Oxşar xəbərlər