Simpoziumda Kamal Abdullanın çoxşaxəli yaradıcılığı, onun ədəbiyyat, dilçilik və fəlsəfə sahəsindəki elmi fikirləri, eləcə də Türk dünyası mədəniyyətinə verdiyi töhfələr ətrafında geniş müzakirələr aparılıb. Dörd oturumdan ibarət olan simpoziuma professorlar Fikret Türkmen, Bilge Ercilasun, Muxtar İmanov və Nizami Cəfərov rəhbərlik ediblər.
Simpoziumun birinci bölməsində professorlar Fikret Türkmen, Kerime Üstünova və Nizami Cəfərov Kamal Abdullanın ədəbi-estetik düşüncə sistemi, qeyri-səlis məntiq nəzəriyyəsi və dilçilik sahəsindəki ideyaları haqqında məruzələrlə çıxış ediblər.
Növbəti bölmə iclaslarında Xalq yazıçısı, akademik Kamal Abdullanın roman, hekayə və teatr yaradıcılığı, onun postmodern estetikasında mifoloji qatlar, zaman və ömür fəlsəfəsi, həmçinin bədii dilin strukturu müxtəlif aspektlərdən təhlil olunub. Bu istiqamətdə professorlar Ayşe Yücel Çetin, Bahtiyar Aslan, Salide Şerifova, İsmet Çetin, Seher Erdoğan Çeltik, ADU-nun əməkdaşı Coşqun Dadaşov, professor Mahirə Hüseynova, professor Rafiq Əliyev, Jalə Qəribova və digər alimlər çıxışlar ediblər.
Simpoziumda qeyd olunub ki, Kamal Abdulla yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Onun əsərlərində dil, fəlsəfə və mifologiyanın qovuşduğu unikal yaradıcılıq modeli ədəbiyyat və elmin yeni istiqamətlərinə yol açır.
Bu nüfuzlu elmi tədbirdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli də iştirak edib. O, simpozium çərçivəsində müxtəlif ölkələrdən gələn alimlərlə elmi fikir mübadiləsi apararaq Türk dünyası ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıb.
Ankarada keçirilən bu beynəlxalq elmi simpozium akademik Kamal Abdullanın Türk dünyası miqyasında tanınan elmi və ədəbi şəxsiyyət olduğunu bir daha nümayiş etdirib və Azərbaycan–Türkiyə elmi-mədəni əlaqələrinin inkişafına mühüm töhfə kimi dəyərləndirilib.
Tehsil-press.az











