Namiq Nağdəliyev müşavir TƏYİN EDİLDİ

Namiq Nağdəliyev müşavir TƏYİN EDİLDİ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

Bununla bağlı Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Həmin şəxs Namiq Nağdəliyevdir.

O, 1982-ci ildə Bakıda anadan olub, 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsindən, 2004-cü ildə isə eyni ixtisas üzrə magistr dərəcəsindən məzun olub, 2012-ci ildə "İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və tətbiq edilməsi perspektivləri" mövzusunda dissertasiya işini müdafiə edərək Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib, 2011-ci ildə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi gözləntilərin formalaşdırılması və idarəedilməsi" mövzusunda doktorantura tədqiqat işi üzərində çalışıb, 2013-2014-cü illərdə ABŞ-nin Johns Hopkins Universitetində "Keçid iqtisadiyyatı ölkələrində iqtisadi idarəetmə və institusional islahat" mövzusunda postdoktorantura proqramını tamamlayıb, 2020-ci ildə Harvard Universitetinin John Kennedy Dövlət Məktəbində rəhbərlər üçün təşkil olunmuş "İqtisadi Siyasətinin həyata keçirilməsi" üzrə 8 aylıq xüsusi təhsil proqramını bitirib.

N.Nağdəliyev 2001-ci ildə "Atlantbank"da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə "Kapital Bank" ASC-də Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb, 2008-ci ildə AMB-də peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib. 2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə AMB-də Sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər